Türkmənistan Xəzər dənizi sahilində UNESCO-nun geoparklarının yaradılması imkanlarını araşdırır.
Hafta.az-ın yazdığına görə, bu barədə Türkmənistan Xəzər Dəniz İnstitutunun direktoru Myrat Atacanov məlumat verib.
"UNESCO-nun geoparklarının yaradılması məsələsi araşdırılır. Qaraboğaz körfəzinin cənub-şərq sahilindəki kanyonlar xüsusi maraq doğurur. Bundan əlavə, palçıq vulkanları da var, onlar beynəlxalq əhəmiyyətli geoloji irsi təmsil edirlər. Bu ərazilərdə geoparkların yaradılması onların hərtərəfli inkişafına kömək edə bilər", - deyə o, bildirib.
Atacanovun sözlərinə görə, layihə BMT-nin Ətraf Mühit Proqramı (UNEP), Qlobal Ətraf Mühit Fondu və Dünya Bankının iştirakı ilə sahil zonasının inteqrasiya olunmuş idarə edilməsi və dəniz məkanının planlaşdırılması çərçivəsində həyata keçirilir.
İnstitut direktoru vurğulayıb ki, Türkmənistanın sahil xəttinin uzunluğu 1000 kilometrdən çoxdur. Xəzər dənizinin Türkmənistan sektorunda və sahilboyu zonada karbohidrogen ehtiyatları çıxarılır, Türkmənbaşı beynəlxalq limanı və hava limanı fəaliyyət göstərir, inkişaf etmiş avtomobil və dəmir yolu şəbəkəsi mövcuddur, Qaraboğaz boğazı üzərindən körpünün tikintisi davam etdirilir, istirahət obyektləri inkişaf etdirilir.
Avaza Milli Turizm Zonası sahilin incisidir. Atacanov əlavə edib ki, sahil zonasına Türkmənbaşı və Esenquli qolları ilə birlikdə Xəzər Dövlət Təbiət Qoruğu, həmçinin Oğurcalı adasındakı vəhşi təbiət qoruğu da daxildir.