Türkmənistanda Qaraboğazgöl körfəzi üzərində yeni körpü tikilir

11:45 01.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkmənistan Xalq Maslaxatının sədri Qurbanqulu Berdiməhəmmədov Balkan vilayətinə işgüzar səfəri zamanı idman avtomobili ilə Türkmənbaşı-Qaraboqaz-Qazaxıstan sərhədi avtomobil yolunda iki zolaqlı yeni avtomobil körpüsünün tikintisi ilə tanış olmaq üçün əraziyə baş çəkib.

Hafta.az-ın yazdığına görə, Nazirlər Kabineti sədrinin müavini B.Ənnəməmmədov tikinti işlərinin gedişi barədə məlumat verib, körpünün layihələrini təqdim edib. Məlumata görə, sözügedən körpünün tikintisi respublikanın qərb və şimal rayonları, eləcə də qonşu ölkələrlə ticarət dövriyyəsinin, nəqliyyatın və sərnişindaşımaların həcmini əhəmiyyətli dərəcədə artıracaq.

"Körpü və yol beynəlxalq əhəmiyyətlidir. Bu, ölkənin dünya iqtisadi məkanına fəal inteqrasiyası üçün əlverişli şərait yaradacaq və xarici ölkələrlə əməkdaşlığın gücləndirilməsi üçün daha əlverişli imkanlar verəcək”, - Qurbanqulu Berdiməhəmmədov qeyd edib.

Xatırladaq ki, Qaraboğazgöl Xəzər dənizinin şərq sahilində laqun tipli böyük körfəzdir. Sovet dövründə körfəz süni bənd vasitəsilə dənizdən ayrılsa da, müstəqillik illərində Türkmənistan hökuməti tərəfindən bənd dağıdılıb və körfəzin Xəzər dənizi ilə əlaqəsi bərpa olunub.

Qaraboğazgöl çox böyük duz kütləsinə, xüsusilə də mirabilit duzu ehtiyyatlarına malikdir.