Üç dişli mutant ilan şok yaratdı

09:25 19.03.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avstraliyada tarixdə ilk dəfə üç iti dişi olan zəhərli ilan tapılıb. Nadir mutasiyaya malik ölüm gürzəsi Avstraliya Sürünənlər Parkında zəhər sağma proqramı zamanı aşkar edilib.

Hafta.az-ın “The İndependent”ə istuinadən  yazdığına görə, parkın rəsmiləri deyiblər ki, Avstraliya Sürünənlər Parkının kolleksiyasında ən azı 20 ildir ki, üç dişli ilan rekordu yoxdur. “Bu müddət ərzində biz minlərlə ilan tutmuşuq və yüz minlərlə zəhər sağımı həyata keçirmişik", - parkdan deyilib.

Ən təhlükəli sürünənlərdən olan ölüm gürzəsi, ehtimal ki, dünyada ən sürətli hücum edən ilandır.

Bu ilanların adətən iki dişi olur.

İlan Avstraliyanın Şimal Ərazisində, Kvinslend, Yeni Cənubi Uels, Viktoriya, Cənubi Avstraliya və Qərbi Avstraliyada rast gəlinir, onlar qurbağa, kərtənkələ və quşları ovlayırlar.

Avstraliyanın aktiv şəkildə ov axtaran digər zəhərli ilanlarından fərqli olaraq, ölüm gürzəsi yarpaqlar, qum və ya çınqıllar arasında gözədəyməz şəkildə gizlənir və ona yaxınlaşan hər hansı ovunu pusquya salır.

Zəhər əleyhinə proqramlar başlamazdan əvvəl bu gürzələr o qədər ölümcül idi ki, dişlədikləri insanların 60 faizi ölürdü. 6-8 millimetr uzunluğunda iri dişlərinin digər zəhərli ilanlara nisbətən daha hərəkətli olması ilə fərqlənir.

Nəzarətçi deyir ki, üçüncü diş, görünür, bu nadir ilanın hər dişləməsi üçün həmişəkindən daha çox zəhər istehsal etməyə imkan verir və onu daha da ölümcül edir.

"Təəssüf ki, üçüncü dişin inkişafına nəyin səbəb olduğunu bilmirik və hazırda heç bir test etmək imkanımız yoxdur", - parkın sözçüsü “Live Science”a deyib.

Ziyarətçilər bu nadir ilanı Yeni Cənubi Uelsin Mərkəzi Sahilindəki Somersbidəki Avstraliya Sürünənlər Parkında görə bilərlər. Parkda zəhər proqramı çərçivəsində iki həftədən bir sağılan 250 zəhərli ilan var.