“Üç qardaş ölkə arasında əməkdaşlıq daha da gücləndiriləcək” – Pakistanlı politoloq

19:30 26.07.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İyulun 27-də Bakıda üç qardaş ölkənin – Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin toplantısı keçiriləcək. Çox önəmli məsələlərin müzakirə ediləcəyi görüşün sonunda Bakı bəyannaməsinin imzalanacağı deyilir.

Maraqlıdır, Azərbaycan, Türkiyə və Pakistan parlament spikerlərinin indiki məqamda bir araya gəlməsinin iştirakçı ölkələrin maraqları baxımından siyasi əhəmiyyəti nədir? Pakistanda yaşayan beynəlxalq münasibətlər üzrə mütəxəssis, Pakistan, Azərbaycan, Türkiyə Gənclər Forumunun rəhbəri Musavar Hamid Tanoli Hafta.az-a müsahibəsində bildirir ki, bu iclas yalnız parlament əməkdaşlığını gücləndirməyə deyil, həm də ümumi əlaqələri, milli məsələlərdə qarşılıqlı dəstəyi artırmağa xidmət edir. “Üç qardaş ölkə arasında siyasi əməkdaşlıq gələcəkdə daha da gücləndiriləcək. Çünki bundan öncəki son görüş “İslamabad bəyannaməsi”nin imzalanması ilə başa çatdı və orada üç ölkənin siyasi, strateji, ticarət, iqtisadi, sülh və təhlükəsizlik, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlığı daha da dərinləşdirmək istədikləri bildirildi” deyən müsahibimizin fikrincə, Bakı görüşünün siyasi əhəmiyyəti də böyükdür. Bu ölkələr siyasi müstəvidə demək olar ki, birlikdə hərəkət edirlər. Bu baxımdan parlament rəhbərlərinin görüşü üç dövlətin qanunverici orqanları arasında əməkdaşlığa öz töhfəsini verəcək.

Bir həqiqət var: parlamentlərin funksiyası qanunlar qəbul etməkdir. Amma nəzərə alaq ki, bu gün bu üç qardaş dövlət arasında iqtisadi-ticarət əlaqələrinin həcmi heç də ürəkaçan deyil. Yəni ticarət həcmi təbii potensialından qat-qat aşağıdır. Elə isə spikerlərin Bakı görüşü bu sahənin inkişafına da təkan verə biləcəkmi?

Musavar Hamid Tanolinin qənaətincə, parlamentlərin işi qanun qəbul etmək olsa da, bütün əlaqələrin inkişafına təkan verən hüquqi qaydalar da məhz burada müəyyənləşdirilir. “Bu görüşdə terrorizm, hibrid müharibə, islamofobiya və kiber hücumlar daxil olmaqla ortaya çıxan təhlükələr müzakirə ediləcək. Pakistan, Azərbaycan və Türkiyənin parlament spikerləri dünyanın müxtəlif yerlərində, xüsusilə də müsəlman ölkələrində insan haqlarının ciddi şəkildə pozulması və insanlığa qarşı cinayətlər barədə narahatlıqlara ciddi diqqət yetirirlər. Bu görüşün üç qardaş dövlət arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin inkişafına müsbət və səmərəli təsir göstərəcəyinə inanıram”, - deyir müsahibimiz.

Maraqlıdır, parlament rəhbərlərinin Bakı görüşü gələcəkdə, məsələn, Baş nazirlərin, Prezidentlərin görüşünün keçirilməsinə yol aça bilərmi? Nəzərə alaq ki, daha əvvəl xarici işlər nazirləri bir araya gəlmişdilər. Demək mümkündürmü ki, Azərbaycan, Türkiyə və Pakistan rəsmi müttəfiqliyə doğru addımlayırlar?

Cənab Tanoli deyir ki, əslində indiyədək də Pakistan, Azərbaycan və Türkiyə arasında çox güclü parlament əməkdaşlığı mövcuddur. “Liderlərimiz, dövlət başçılarımız dəfələrlə bir araya gəlib, vacib məsələləri müzakirə ediblər. Hesab edirəm ki, onlar məhz bu görüşdən sonra da, Pakistan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin “İslamabad Bəyannaməsi”nə əsasən İslamabadda toplaşdıqları kimi, görüşə bilərlər. Buna baxmayaraq, bu üç dövlətin rəsmi bir ittifaqa doğru getdiyini söyləmək çox tezdir. Çünki bugünkü dünyamızda ölkələrin prioritetləri bir-birindən fərqlidir. İqtisadi ittifaq qura, ticari əməkdaşlığı genişləndirə bilərik, ancaq hərbi ittifaq yaratmaq çox çətindir. Niyə, ona görə ki, düşmənlərimiz fərqlidir. Hər hansı ölkənin adını çəkmək istəmirəm, amma iqtisadi ittifaqın hərbi ittifaqdan daha yaxşı olduğunu düşünürəm. Üstəlik, Pakistan, Azərbaycan və Türkiyə hərbçiləri öz bölgələrində çox güclüdürlər. Türkiyənin Suriyada və digər bölgələrdə hərbi qüdrətini, İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun Vətən torpaqlarını qısa vaxtda düşmənin işğalından necə qurtardığını və Pakistan ordusunun ölkə daxilində terrorizmə qarşı necə uğurlu əməliyyatlar apardığını gördük” deyən müsahibimizə görə, ittifaq yaratmaq üçün hələ gözləməliyik.

Bütün bunlar öz yerində, bəs gələcəyimiz olan gənclərimiz ittifaq qurmaq barədə nə düşünürlər? Üç ölkənin gənclər təşkilatlarının rəhbərləri, parlament spikerləri kimi, gələcəkdə belə bir görüş keçirə bilərlərmi?

Müsahibimiz bunu birmənalı şəkildə mümkün sayır. Deyir ki, üç qardaş ölkənin gənclər təşkilatları arasında əlaqələri gücləndirmək günün zərurətinə çevrilib və bu səbəbdən də təşkilat rəhbərlərinin görüşü gözləniləndir. “Pakistan, Azərbaycan və Türkiyənin mədəniyyətini, ənənələrini, milli dəyərlərini başa düşmək və qarşılıqlı şəkildə təşviq eləmək üçün gəncləriimiz arasında əməkdaşlığı inkişaf etdirməliyik. Bu məqsədlə ölkələrimizin ali məktəbləri arasında tələbə mübadiləsi edilməlidir. Yəni Pakistan, Azərbaycan və Türkiyə arasında tələbə mübadiləsi, mədəni mübadilə və gənclər mübadilə proqramlarının icra olunması çox böyük səmərə verə bilər”, - deyir cənab Tanoli.

Oxunma sayı 3927
Siyasət rubrikasından digər xəbərlər