Ukrayna ABŞ silahları olmadan duruş gətirə biləcəkmi?.. - "ISW" analitiklərinin proqnozu

10:21 02.03.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Co Baydenin prezidentliyi dövründə imzalanmış müqavilələr çərçivəsində Amerika silahlarının tədarükü Ukrayna Silahlı Qüvvələrinə davam edir. Amerikanın Ukraynaya hərbi və maliyyə yardımının dayandırılması Rusiyanı qələbəyə yaxınlaşdıracaq.

Hafta.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (“ISW”) hesabatında deyilir.

"Rusiya yaranmış vəziyyətdən daha çox ərazi ələ keçirmək və Ukraynaya təzyiqi artırmaq üçün istifadə edə bilər. Bu, nəinki Rusiyanı qələbəyə yaxınlaşdırar, həm də Rusiya prezidenti Vladimir Putini cəsarətləndirərdi", - hesabatda bildirilir.

"ISW" iddia edir ki, Amerika yardımının dayandırılması və ya gecikdirilməsi qüvvələr balansının Rusiyanın xeyrinə dəyişməsində həlledici amil ola bilər, çünki Ukrayna Silahlı Qüvvələri raket hücumlarından qorunmaq, düşmənin logistik zəncirlərini məhv etmək və Rusiyanın müdafiə-sənaye potensialını sarsıtmaq üçün "Patriot", "HIMARS" və "ATACMS"-dən fəal istifadə edir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp səlahiyyətlərinin ilk günündə yoxlamalar aparmaq üçün ABŞ-ın bütün xarici yardım proqramlarını 90 gün müddətinə müvəqqəti dayandırmaq qərarına gəlib.

ABŞ diplomatları dövlət katibi Marko Rubionun 90 günlük xarici yardımın dondurulmasından Ukrayna ilə bağlı proqramların təcili olaraq çıxarılmasını xahiş ediblər.