Ukrayna Müdafiə Nazirliyinin Satınalma Siyasəti Departamentinin direktoru Klib Kanevskiy bəyan edib ki, bu il xidmət üçün cəbhəyə 15 min robot göndəriləcək.
Hafta.az-ın “Ekonomichna Pravda”ya istinadən yazdığına görə, Kanevskiy bildirib ki, Müdafiə Nazirliyi 2024-cü ilin ikinci yarısında təxminən 2,4 milyon dollar dəyərində yerüstü robotların tədarükü üçün altı müqavilə imzalayıb. Digər tərəfdən, 2025-ci ilin birinci rübündə 145,1 milyon dollar dəyərində 31 müqavilə imzalanıb. Bu istiqamətdə departamentin 15 min yerüstü robot alacağı gözlənilir. Beləliklə, cəbhəyə robotlar ordusu göndəriləcək.
Ukrayna ordusunun tədarükçülərindən olan Tencore şirkətinin direktoru Maksim Vasilçenko, "Keçən il yüzlərlə robotu ön cəbhəyə göndərmişdik. Bu il onlardan minlərləsini yerləşdirməyi planlaşdırırıq" deyib.
Digər tərəfdən, Kanevskiy bildirib ki, xarici modellər daha baha olduğu üçün robotların demək olar ki, hamısı Ukraynada istehsal olunacaq. Onun sözlərinə görə, müdafiə şirkətləri müqavilələrin icrası zamanı məhsullarını təkmilləşdirməli olacaqlar, çünki cəbhə texnologiyaları sürətlə inkişaf edir.