Ulu öndər xalqımızın tarixinə xilaskar kimi düşdü… - Sübhan Talıblı  

12:15 10.05.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün  ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. “Xalq dövlət üçün deyil, dövlət xalq üçündür” -deyən ümummilli lider Azərbaycan dövlətinin varlığı, inkişafı naminə apardığı mübarizədə, bütün ömrünü məhz ölkəmizin rifahı, dünya xalqları sırasında vüqarla dayana bilməsinə sərf edib və rəhbərin dövlət-xalq qarşısında hansı məsuliyyət daşıdığını daima bəyan edib. Lakin bu ömür yolu heç də hamar olmadı. Bu barədə hafta.az-ın sullarını cavablandıran AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı ulu öndərin həyatından yalnız bir neçə nüansa diqqət çəkib. 

- Sübhan müəllim, ulu öndər o vaxtkı SSRİ prezidenti Mixail Qorbaçov və ermənipərəst qüvvələrin planı əsasında 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırıldı. Heydər Əliyevin mərkəzi hakimiyyətdən uzaqlaşdırılması ermənilərin hansı planının həyata keçirilməsinə yol açdı?

- Əvvəla qeyd edim ki, ümumilli lider Heydər Əliyevin fəaliyyətinə nəzər salsaq görərik ki, 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olub, elə həmin ildə də ona general-mayor rütbəsi verilib, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifələrində çalışıb. 1982-ci ilin dekabrından isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

Bundan başqa Ulu öndər Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq, xüsusilə də SSRİ-nin apardığı ayrıseçkilik siyasətinə qarşı çıxaraq 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verdi. Ümumiyyətlə, o dövrlə bağlı sənədlərə və tarixi faktlara nəzər yetirdikdə görürük ki, Heydər Əliyevin Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə və ermənilərə dəstək verən qüvvələrə imkan vermirdi ki, Dağlıq Qarabağ və Azərbaycana qarşı məsələ qaldırsınlar. Buna görə də ermənilər və onlara dəstək olan qüvvələr Heydər Əliyev Siyasi Bürodan, Sovet İttifaqının Nazirlər Sovetindəki yüksək vəzifələrdən gedəndən sonra həm Azərbaycana, həm də Heydər Əliyevə qarşı kampaniyaya başladılar. Əlbəttə, xüsusilə yuxarıda qeyd etdiyimiz kimi, böyük siyasi təcrübəyə sahib və müxtəlif rəhbər vəzifələrdə öz peşəkarlıq təcrübəsi sayəsində çalışmış bir şəxsin hakimiyyətdən getməsində, o zamankı SSRİ rəhbərliyi, həm də həmin dövrdəki Azərbaycan rəhbərliyi heç də maraqlı deyildilər. Onlar bilirdilər ki, Heydər Əliyevlə "siyasi oyunlar" oynamaq, siyasi səhnədə ona qalib gəlmək qeyri-mümkündür.

Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmiş, SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

Bu baxımdan da ümumilli liderin istər sovet dövründə, istərsədə də müstəqillik illərində Azərbaycan xalqına böyük xidmətləri olmuşdur ki, bu gün bizlər bunun əyani şahidiyik.

- Siyasi təhlilçilər, tarixçilər 1990-cı ilin əvvəllərində Azərbaycanda o vaxtkı hakimiyyətin yarıtmazlığı nəticəsində separatçılığın, özbaşınalığın, anarxiya və xaosun baş alıb getməsi, torpaqlarımızın işğalı, Azərbaycanın daxili qarşıdurmalar arenasına çevrilməsini faktlarla dəfələrlə qeyd edibər. O zamanlar ulu öndərin qayıdışı bizi nədən xilas etdi?

-1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsinin yarandığını bir vaxtda, xalq tərəfindən Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi irəli sürüldü. Zənnimcə, Heydər Əliyevin müəyyən dövr ərzində hakimiyyətdə olmaması özünü açıq-aydın biruzə verirdi. Ulu öndərin Azərbaycanı regional və beynəxalq güclərin əlindın qurtararaq, müstəqil və suveren Azərbaycan Respublikası quraraq bizlərə əmanət etdi. Bu gün bu siyasət Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik təcrübəsindən yararlanan Azərbaycan Prezidenti və ali baş komandan İlham Heydər oğlu Əliyev tərəfindən uğurla və yüksək peşəkarlıqla davam etdirilir. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan ərazi bütövlyünü təmin etdi. 

- Dünya erməniliyi nədə yanıldı?

-Tarixdə bu günə kimi beynəlxalq və regional güclərin dəstəyilə ilə olduqları hər yerdə qarət, terror, soyqırım, cinayətkarlıqla məşğul olan ermənilər hesab edirdilər ki, Azərbaycan xalqının haqqını əlindən almaq olar. Amma anlamadılar ki, Azərbaycan xalqının böyük oğlu dərin zəkaya, geniş siyasi təcrübəyə malik olan Heydər Əliyevlə siyasi oyun və s. hiylələrlə qalib gəlmək olmaz. Nə qədər çirkin addımlar atsalar da, buna nail ola bilmədilər. Çünki ulu öndər hər zaman atdığı addımlarda haqlı idi, həm də proseslərə dərin bələd olan dünya səviyyəli siyasi xadim idi. Eyni zamanda, Heydər Əliyev xalqından dəstək alırdı, xalq da onu dəstəkləyirdi. İstər Azərbaycanda, istərsə xaricdə olarkən çalışdığı bütün məqamlarda həmişə Azərbaycan maraqlarına uyğun xidmət edib. Bütün bunları uzaqgörənliklə və prakitiki addımlarla reallaşdırırdı. Təbii ki, istər dünya erməniliyi, istər Ermənistanda təcavüzkar rəhbərlik, istərsə də erməniləri dəstəkləyən beynəxalq və regional qüvvələr Heydər Əliyev fenomeni qarşısında həmişə aciz olublar. Buna sübut olaraq bu gün də ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin beynəlxalq səviyyədə apardığı uğurlu siyasəti müşahidə edirik.

Azərbaycanın o dövrdəki rəhbərliyinin Heydər Əliyevi Bakıya dəvət etməsi, xalqın da bunu tələb etməsi mühüm tarixi hadisə idi. Ümumilli lider Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Ölkəmizin tarixinə nəzər yetirdikdə, hər birimiz şahid oluruq ki, güclü idarəetmə olduqda xalqın maraqları təmin olunur.

Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikasının xarici siyasət kursunun başlıca vəzifəsi ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirmək, mənafeyi Azərbaycanın milli maraqları ilə həmçinin dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə daha sıx əməkdaşlıq, müttəfiqlik etmək idi. Heydər Əliyev müasir Azərbaycan tarixində müstəsna rolu olan şəxsiyyətdir ki, Azərbaycanın tarixinin 40 ili onun adı ilə bağlıdır. Ulu öndər xalqımızın tarixinə Azərbaycanla bağlı gördüyü işlərlə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşmüşdür.

Oxunma sayı 116