Universitet tələbələri orta məktəblərdə dərs deyəcəklər

09:10 10.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Elm və Ali Təhsil Nazirliyi universitet tələbələrinin məktəblərdə dərs deməsinə icazə verən qanun layihəsini dəstəkləyib. Nazir müavini Olqa Petrova ölkədə müəllim çatışmazlığını nəzərə alaraq bu addımın faydalı olacağını bildirib.

Hafta.az-ın yazdığına görə, qurum rəsmisi universitetlərin dərs demək istəyən tələbələr üçün fərdi dərs planları hazırlaya biləcəyini, bunun tələbələrin peşəkar təcrübə qazanmasına və rəqabətədavamlı olmasına kömək edəcəyini bildirib.

Yeni qanun layihəsinə əsasən, ali məktəblərdə pedaqoji sahələr üzrə təhsil alan və III kursu müvəffəqiyyətlə başa vuran, aralıq imtahanlarını verən tələbələr lazımi peşə hazırlığı keçmək şərti ilə məktəblərdə müəllimlik edə biləcəklər.

Bunun tələbələr üçün mühüm təcrübə olacağını bildirən ekspertlər bu modelin sovet dövründəki müəllim hazırlığı sisteminə bənzər şəkildə qurulmalı olduğunu müdafiə edirlər. Gənc Müəllimlər Assosiasiyasının rəhbəri Konstantin Tostov bildirib ki, bu təcrübə peşə ilə erkən tanışlığı təmin edəcək və müəllimliyi qəbul etməyi asanlaşdıracaq.

Xüsusilə əyalətlərdə müəllim çatışmazlığının ciddi həddə çatdığına diqqət çəkən riyaziyyat müəllimi və təbiət elmləri üzrə kommunikator Pyotr Zemskov “Hazırda bir çox məktəblər riyaziyyat müəllimi axtarır, niyə bu vakansiyanı riyaziyyat tələbəsi doldurmasın?” deyərək düzəlişi dəstəkləyib. Zemskov vurğulayıb ki, gənc müəllimlər tələbələrlə daha sıx əlaqə yarada bilirlər, buna görə də tələbələr gənc müəllimlərə maraq göstərirlər. Qanun layihəsi Dövlət Dumasında baxılmağı gözləyir.