Universitetlərdə də yay imtahan sessiyasının vaxtı dəyişiləcək? - SORĞU

16:35 13.01.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkələrdə pandemiya ilə əlaqədar bu il qəbul imtahanlar birinci mərhələsinin önə çəkilməsi ilə bağlı xəbərlər dolaşmaqdadır. Bəs görəsən bu halın baş verməsi universitetlərdə yay sessiyasının vaxtının dəyişdirilməsinə səbəb ola bilərmi?

Hazırda ali təhsil müəsisələrində qış imtahan sessiyasıdır. Universitetlərdə epidemioloji vəziyyət nə yerdədir? Koronavirusa yoluxan tələbələrin imtahanlarda iştirakı nə cür tənzimlənir?

Hafta.az məsələ ilə bağlı bir sıra ali təhsil ocaqları arasında sorğu apardı. İlk olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynov bildirdi ki, hazırda universitetdə imtahan sessiyası normal qaydada davam edir. Hər hansı ciddi epidemioloji problem də yoxdur:

“Özündə, yaxud ailəsində Covid-19 virusu aşkalanan və imtahanlarda iştirak edə bilməyən tələbələrdə əlavə vaxtda şərait yaradılır. Yay imtahan sessiyası ilə bağlıysa indidən danışmaq hələ tezdir. Nə baş verəcəyini zaman göstərəcək”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəhanə Müşfiqin sözlərinə görə,  yay imtahan sessiyasının irəli çəkilməsi üçün nazirlikdən göstəriş gəlməlidir:

“Universitetdə epidemioloji vəziyyət normaldır. Tələbələr arasında xəstələnən hər fakültədə 2-3 nəfərdir. İmtahanda xəstəlik və ya karantinlə bağlı iştirak etməyən tələbələrə  sonradan imtahan vermək üçün şərait yaradılır”.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı da hazırkı imtahanların maneəsiz təşkil edildiyini qeyd etdi. O, həmçinin bildirdi ki, imtahan ərəfəsində Covid-19 a yoluxan tələbələrə əlavə imtahan üçün imkan yaradılacaq:

“Hazırda Azərbaycan Dillər Universitetində qış imtahan sessiyası davam edir. Universitet rektoru akademik Kamal Abdullanın imzaladığı əmrlə imtahanlar yanvar ayının 5-dən etibarən başlayıb. 7 yanvarda universitetə təhsil ekspertləri və jurnalistlərdən ibarət nümayəndə heyəti gəlmişdi. Onlar imtahan prosesini izlədilər. Hazırda ADU-da imtahan sessiyası ilə bağlı qərargah yaradılıb. Valideyn komissiyasının üzvləri imtahanda iştirak edirlər. Eyni zamanda qaynar xətt fəaliyyət göstərir. Pandemiya ilə bağlı bütün qaydalar gözlənilir. Bütün ali və orta təhsil müəssisələrində olduğu kimi, ADU-da da koronavirusa yoluxma halları müşahidə olunur. Biz mövzuya xüsusi həssaslıqla yanaşırıq. İmtahan ərəfəsində Covid-19- a yoluxan tələbələrə əlavə imtahan üçün imkan yaradılacaq. Yay sessiyası imtahanlarının vaxtının irəli çəkilməsinə gəldikdə isə bu məsələ hələ ki müzakirə olunmur”.

Növbəti müsahibimiz olan Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova söylədi ki, Ali təhsil müəssisələrində imtahan sessiyasının keçirilmə vaxtı təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən olunur. Yay imtahan sessiyasının vaxtı da nazirin müvafiq əmrindən sonra məlum olacaq:

“Hazırda universitetdə imtahan sessiyası davam edir. Sessiya başlayandan 5 magistr, 2 bakalavr tələbəmiz koronavirusa yoluxduğu üçün imtahanlarda iştirak edə bilmədi. Ümumiyyətlə qeyd edim ki, imtahan sessiyası müddətində koronavirusa yoluxan tələbələr üçün sessiya bitdikdən sonra xüsusi imtahan günləri təyin olunacaq”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəhruz Nəzərov yay imtahan sessiyasının önə çəkilib-çəkilməyəcəyi haqqında məlumatsız olduğundan, həmçinin tibb müəsisəsinin koronavirusdan əziyyət çəkən tələbələrə yaratdığı şəraitdən söz açdı:

“Düzünü desəm qəbul imtahanlarının birinci mərhələsinin önə çəkilməsi ilə bağlı məndə məlumat yoxdur. Ona görə də universitetin məsələyə yanaşmasını bilmirəm. Hazırkı imtahan sessiyasına gəldikdə isə, universitetin bütün girişlərində dezinfeksiyaedici tunellər və məsafədən hərarət ölçə bilən cihazlar quraşdırılıb. İmtahan zamanı auditoriyada sosial məsafəni gözləmək məqsədilə 3 növbəli imtahan keçirilir. Hər hansı bir tələbədə koronavirus aşkarlanarsa onun üçün əlavə imtahana şərait yaradılacaq. Həmçinin koronavirusa yoluxub özünü yaxşı hiss edən və imtahana onlayn qoşulmaq istəyən tələbələr də nəzərə alınıb ki onlara da bu imkan verilir. Hazırda ADNSU-da tələbələr arasında cəmi 8 yoluxma faktı qeydə alınıb. Bu da elə də ciddi problemlərə səbəb olmayıb”.

Oxunma sayı 55