“Mask dövlət adamıdır və onun simasında verilən bu cür açıqlamalar Dövlət Departamentini birbaşa hədəfə gətirir. Artıq bundan sonra demokratların maliyyələşdirdiyi insan hüquqları təşkilatlarının verdiyi hesabatlar sual altına düşdü. Bu, həmin qurumların tamamilə iflası prosesidir. Bu çox ciddi hadisədir. Mask açıq şəkildə həqiqəti növbəti dəfə elan etdi”.
Bunu hafta.az-a politoloq Natiq Miri amerikalı sahibkar İlon Maskın ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) “cinayətkar təşkilat” adlandırması və onun “ölməsinin vaxtının çatdığını” deməsi ilə bağlı qeyd edib.
N.Miri bildirib ki, Amerika Birləşmiş Ştatları bütün zamanlarda dövləti ittiham obyekti etməmək üçün bu cür agentliklər, fondlar, qeyri-hökumət təşkilatları vasitəsi ilə özünün geosiyasi, geoiqtisadi, təhlükəsizlik, kəşfiyyatla bağlı istəklərini yerinə yetirib.
Onun sözlərinə görə, belə təşkilatların böyük əksəriyyəti casus şəbəkələridir ki, bu şəbəkələr vasitəsi ilə dövlətlərdə inqilablar edilir, ABŞ-a yaxın kukla rejimlər hakimiyyətə gətirilir, təxribatlar vasitəsi ilə müharibələr başladılır.
N.Niri eyni zamanda qeyd edib ki, bu qurumlar birbaşa dövlətə bağlı olmadıqları üçün ABŞ-ın dövlət strukturlarını ittiham etmək mümkün olmur.
“Belə bir siyasət demokratlara məxsus siyasətdir. Əlbəttə ki, onları dövlət maliyyələşdirsə də birbaşa hədəfə gəlməmək üçün bu cür qurumlardan istifadə edirlər. Tramp bu cür təşkilatları ortada yeyib, qıraqda gəzən təşkilat kimi görür və onları insanlıq əleyhinə olan siyasət kimi dəyərləndirir. Amma USAİD kimi təşkilatların törətdiyi cinayətlərin araşdırılıb ortaya qoyulması baş verməyəcək. Çünki bu dövlətin etibarını sual altına salır”.