Uşaqlarımız niyə gec danışır? – ARAŞDIRMA

13:27 28.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müasir texnologiyalar həyatımızın bir hissəsini zəbt etdiyi kimi, azyaşlı uşaqların da əyləncə mənbəyinə çevrilib. Son dövrlərdə isə uşaqların tez-tez kompüter, telefon və planşetdən istifadə etmələri onların nəinki nitqində, həmçinin psixi və sosial inkişafında da bır sıra ləngimələrə gətirib çıxarır. Bununla bağlı mütəxəssislər nə qədər həyəcan təbili çalsalar da, yenə də valideynlər bu məsələlərə diqqət etmirlər.

Loqoped Aygün Əliyeva hafta.az-a uşaqlardakı nitq qüsurlarının problemlərindən danışdı.

O, nitq geriləməsinin, adətən, 3 yaşından sonra yarandığını bildirdi: “Ümumiyyətlə, nitqin 3 kritik dövrü var – 1, 3 və 5 yaş arasında alınan hansısa zədə ona fəsad yarada bilər. Bu zaman baş-beyində alınan hər hansı orqonik üzvü zədələnmə, nitq geriləməsinə səbəb olur. Bu özünü nitqin fonetik, leksik, qrammatik tərəfinin pozulmasında göstərə bilər. Yəni səslərin tənəffüsü, söz ehtiyatının olmaması, cümlə quruluşunun, strurukturunun pozulmasıdır. Bunların hamısı nitq geriliyinə xas olan xüsusiyyətlərdir. Bəzən 3 yaşında yox, 4 yaşında da nitq geriləməsi özünü büruzə verir. Buna genetik faktor da deyirlər. Amma genetik faktorda, sadəcə, ləngimə müşahidə olunur”.

 “Hal-hazırda Ayan adında bir şagirdim var. Valideyn uşağı gətirəndə dedi ki, pis danışır. Ancaq nitqqüsurlu yox, əqliqüsurlu idi və yaşıdlarından fərqlənirdi. Valideyn isə bunları bilmirdi. O, meyvələri tanımır, nəqliyyat vasitələrinin adları ilə bərabər, rəngləri də adlandırmağı bacarmırdı. Halbuki 5 yaşı var. Düzdür, hələ bəzi problemlər qalsa da, Ayan artıq cümlə belə qura bilir. Müəyyən masajların təsiri altında  bəzi qüsurları aradan qalxıb. Ayan yüngülkamallı uşaqdır. İndi o, intellektual akademik bilikləri mənimsəyə bilir”.

Ekspert bildirdi ki, loqopedik məşğələlər 3 yaşından başlanır. Səslərin tənəffüsü isə normal intellektə aid olan uşaqda 5 yaşından sonra olur: “Artıq valideyn görür ki, 3 yaşı var, amma danışmır. Burada valideyn təşvişə düşüb, loqopedlərə müraciət edə bilər. Təbii ki, loqoped də psixiatrın dəstəyini alır. O da intellektual səviyyəsinin nə yerdə olduğuna baxır. Loqoped isə müəllimdir, həkim deyil”.

Əgər nitqin anlamasında zədələnmə varsa, istər-istəməz uşaqda nitq geriliyi müşahidə olunacaq. Biz bunu fakt kimi götürməliyik. Söz ehtiyatı, səslərin tənəfüsü, cümlə quruluşu zədələnəndə artıq nitqin geriliyidir: “Bu kimi xüsusiyyətlərə əsasən, psixi inkişafın ləngiməsində, əqli gerilikdə, autizm sindromlu uşaqlarda, eləcə də uşaq serebral iflicində də ola bilər. Hətta normal fiziki, psixoloji durumu olan uşaqlarda nitq inkişafının geriliyi aşkar olunur”.

Nitqin geriliyi ilə ən çox loqoped məşğul olur. Üş yaşından sonra loqopedin məşğələləri başlayır: “Əgər nitq aparatında passivlik müşahidə olunarsa, biz onda masajdan başlayırıq. Həmçinin gimnastika, söz ehtiyatının artırılması, rabitəli nitqin yaradılması ilə yanaşı səslərin korreksiya yolu ilə işləyirik. Ən çox iş prosesi oyun fəaliyyətində gedir. Rəngli oyuncaqlar, şəkillər, oyun adlandıracaq gimnastika və müxtəlif rəngli kitablarla oyunlar aparılır. Ümumiyyətlə, nitq inkişafının geriliyi özü-özlüyündə 3 il müddətində tam olaraq, aradan qalxır. Əqliqüsurlularda isə bu, 3 ildən çox ola bilər. Təbii ki, bu, uşağın potensialından aslıdır”.

Müasir dövrün əsas problemlərindən biri uşaqların ünsiyyət zamanı özlərini, fikirlərini düzgün çatdıra bilməməsidir. Belə ki, nitq qüsuru olan şəxs özünü hər zaman cəmiyyətdə qapalı saxlayır ki, bu da onların psixologiyasına ciddi zərbə vurur.

Psixoloq Ülkər Ağayarova son zamanlar nitq qüsurları ilə bağlı müraciətlərin artdığını qeyd etdi.

Bildirdi ki, uşaqda nitq qüsuru varsa, onun özünü ifadə etməsinə, sosiollaşmasına təsir edəcək: “Ehtiyaclarını ifadə edə bilmədiyi üçün, emosional bir vəziyyət ortaya çıxacaq. İlk növbədə, əhval ilə bağlı olan inadkarlıq, aqressivlik müəyyən davranış problemləri yaranacaq. Nitq qüsuru uşağın öz yaşıdlarından, yaş xüsusiyyətlərinə görə geri qalmasına səbəb olur. Uşaq bağçada, məktəbdə bacarıqlarını ifadə edə bilməyəcək. Yəni həm psixoloji, həm sosial, həm də nitq olaraq bir çox şeylərdə geri qalacaq. Eləcə də intellekti zəifləyəcək. Çünki nitq ilə zəka vəhdət təşkil edir. Birində narahatlıq varsa, digərinə istənilən halda təsir edəcək. Hər ikisində ləngimə varsa, bunlar özünü fəsad şəklində ortaya qoyacaq”.

Psixoloq, həmçinin son dövrlərdə nitqqüsurlu uşaqların sayının artdığını da vurğuladı. Bunun başlıca səbəblərindən biri, texnologiyanın televizor, planşetin uşağın həyatında erkən yaşlarda müdaxilə etməsidir. Bu amil uşaqların ilk dil açmasına mane olur. Əvvəllər 10 uşaqdan 2 nəfərdə bunu görmək olardısa, indi 10 uşaqdan 7-də görmək mümkündür.

Uşaqlar daha çox sözlər eşitməyə, ünsiyyətdə olmağa, danışmağa ehtiyac duyduğu halda, r telefon və yaxud planşetlə məşğul olur. Bir sözlə, uşağın ehtiyacları texnologiya tərəfindən ödənilir. Uşaqlara informasiya verilir, amma ondan istənilmir. Nəticə olaraq, beyin inkişafı pasivvləşir.

Beləliklə, azyaşlı uşaqlarda nitq qüsurunun yaranmaması üçün onlarla daima ünsiyyətdə olmaq, mummkün qədər texnologiyadan uzaq tutmaq lazımdır.

Şahnun Qasımova

Oxunma sayı 672