ÜST-ün Baş direktoru Azərbaycan Prezidentinə məktub ünvanlayıb

19:48 01.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və digər ölkələrin liderlərinə səmimi məktub ünvanlayıb.

Hafta.az-ın məlumatına görə, ÜST Baş katibi COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və atılan addımları təqdir edir.

T.Qebreyesus beynəlxalq ictimaiyyətə müraciət edərək bir sıra fundamental addımların həyata keçirilməsini xahiş edir.

Bu addımlar arasında dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi; ictimai toplantıların dayandırılması; test, izolyasiya və karantinin həyata keçirilməsi üçün dövlət qurumlarının yeni şəraitə uyğunlaşdırılması; səhiyyə qurumlarının və ön sırada olan işçilərin müvafiq resurslarla təmin edilməsi; əhaliyə bu xəstəliyin ciddiliyinin izah olunması; əl gigiyenası, öskürək etiketi və sosial məsafənin vacibliyinin izah edilməsi; bütün şübhəlilərin təcrid edilməsi; pandemiyadan ən çox zərər çəkmiş insanlara iqtisadi yardımın göstərilməsi; dövlətlər arasında həmrəyliyin gücləndirilməsi; yoluxma halları və nəzarət tədbirləri barədə ÜST ilə operativ şəkildə informasiyanın paylaşılması və digərləri yer alıb.

"Bu xüsusda vurğulanmalıdır ki, səhiyyə sahəsində ən böyük qurum hesab olunan ÜST-ün təklifləri bu günə qədər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Məktubda təklif edilən addımların artıq uzun müddətdir ki, Azərbaycanda tətbiq olunması bir daha koronavirusa qarşı ölkəmizdə aparılan mübarizənin düzgünlüyünü təsdiq edir. Bu mənada, Azərbaycanda həyata keçirilən siyasət bir sıra ölkələr üçün nümunə ola bilər.

Azərbaycan infeksiyanın yayılmasına qarşı olduqca çevik reaksiya verib. Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb, dövlət qurumları arasında əlaqələndirmə təmin edilib, infeksiyadan qorunmaq üçün əhaliyə sosial məsafə kimi tədbirlərin önəmi geniş izah edilib, quru sərhədləri bağlanmış, aviareyslərin sayı kəskin azaldılmış, məktəblər, uşaq bağçaları, ali məktəblər bağlanmış, məhdudlaşdırıcı qaydalar qüvvəyə minmiş, karantin rejimi tətbiq olunub. Xaricdən qayıdan çoxslu sayda insan karantinə alınmışdır. Ölkə üzrə 10-dan çox xəstəxana koronavirus xəstələrinin sərəncamına verilib.

COVID-19 xəstəliyinini iqtisadi-sosial fəsadlarının azaldılması məqsədilə dövlət başçısının sərəncamı ilə 1 milyard manat məbləğində maliyyə vəsaiti ayrılmışdır. Bununla dövlət onun sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bir daha isbat etmişdir. Yaxın zamanda pandemiyadan ən çox əziyyət çəkən sahibkarlıq subyektlərində işləyən insanlara yardımlar göstəriləcəkdir. Bundan başqa, Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilmişdir. Burada bir məqam da vurğulanmalıdır ki, dövlət üçün bu Fondu tamamilə maliyyələşdirmək heç bir problem deyildi; Fonda yardım vasitəsilə Azərbaycan insanının bu çətin vaxtlarda bir-biri və öz ölkəsi ilə həmrəylik nümayiş etdirməsinə imkan yaradılmışdır və bunun özü də müsbət bir nümunədir.

Azərbaycan COVID-19-a qarşı mübarizədə ilk günlərdən ÜST ilə əməkdaşlıq etmiş və onun ekspertlərini səfərə dəvət etmişdir. Missiyanın hazırladığı hesabatda öz əksini tapmış tövsiyələr aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınır. Azərbaycan eyni zamanda qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı qlobal mübarizədə ÜST-ə könüllü maliyyə yardımı ayırmışdır".

Oxunma sayı 156
Siyasət rubrikasından digər xəbərlər