Uzunmüddətli ketogenik pəhriz orqan yaşlanmasını sürətləndirir

09:29 21.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ketogenik pəhrizin orqan yaşlanmasını sürətləndirə və ürək xəstəliklərinə səbəb ola biləcəyi aşkar edilib.

Hafta.az-ın “Medical Xpress”ə istinadən yazdığına görə, az karbohidratlı və çox yağlı qidaları ehtiva edən ketogenik pəhrizə xüsusilə arıqlamaq istəyənlər üstünlük verir. Əvvəlki araşdırmalar bu pəhrizin diabet, xərçəng, epilepsiya və Alzheimer kimi xəstəliklərə qarşı faydalarının olduğunu müəyyən etmişdi.

“Science Advances” elmi jurnalında dərc edilən araşdırma, ketogenik pəhrizin sağlamlığa göstərə biləcəyi mənfi təsirlərə işıq salır.

Alimlər 6 siçanı üç həftə ərzində ketogenik pəhrizlə bəsləyiblər. Heyvanların kalorilərinin ən azı 90 faizi yağdan, təxminən 1 faizi isə karbohidratlardan gəlirdi. Nəzarət qrupundakı siçanlar təxminən 17 faiz yağdan və 58 faiz karbohidratlardan ibarət olan standart bir pəhriz ilə qidalandılar.

Tədqiqatçılar daha sonra siçanların orqanlarından götürülmüş nümunələri araşdırıb və ketogenik pəhrizdə olanların xüsusilə ürək və böyrəklərində əhəmiyyətli dərəcədə daha çox qocalmış hüceyrələri müşahidə ediblər.

Hüceyrə yaşlanması zamanı fəaliyyət göstərə bilməyən hüceyrələr ölmək əvəzinə zombi vəziyyətinə keçirlər. Bu hüceyrələrin sayı yaşla artsa da, yeni araşdırmalar göstərir ki, uzunmüddətli ketogenik pəhriz toxuma və orqan yaşlanmasını sürətləndirə bilər.

Digər tərəfdən köhnə hüceyrələri öldürən bəzi molekulların onları yox etdiyi müşahidə olunub. Bundan əlavə, aralıq ketogenik pəhriz tətbiq etməklə hüceyrə yaşlanmasının qarşısı alınıb.

Tədqiqatın həmmüəllifi David Qayus tapıntıları şərh edir: "Hüceyrə yaşlanması orqan xəstəliklərinin patologiyasında rol oynadığından, nəticələrimiz ketogenik pəhrizin necə həyata keçiriləcəyini anlamaq üçün mühüm klinik nəticələr təqdim edir".

Məqalədə tədqiqatçılar bu pəhrizin daha əvvəl müəyyənləşdirilmiş faydalarını vurğulayır və bu pəhrizi qəbul etmək istəyənlərə davamlı olaraq bundan qaçınmaları barədə xəbərdarlıq edirlər.

"Ketogenik pəhriz yəqin ki, yaxşı şeydir, lakin bu, hər kəs üçün deyil. Ən əsası, bu dietlə qidalananlar, fasilələr verməlidir", - Qayus deyib.

Tədqiqatçılar bu pəhriz haqqında daha çox araşdırmaya ehtiyac olduğunu düşünürlər.

Oxunma sayı 114