Vahid Ələkbərovun gəlişinə görə ağacları rənglədilər- GÜNÜN TƏZADLARI

18:15 16.09.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Koqalım şəhərində Yuqra vilayətinin qubernatoru Natalya Komarovanın, vilayətin idman naziri Pavel Kolobkovun və “Lukoil” prezidenti Vahid Ələkbərovun gəlişi münasibətilə şam ağaclarını və otları yaşıl rənglədilər.  Hafta.az xəbər verir ki,  bu haqda Virtualaz.org Rusiya KİV-lərinə istinadla məlumat yayıb.  Bu barədə videokadrlar sosial şəbəkələrdə yayılıb. Kadrlara əsasən “Lukoil-Qərbi Sibir” MMC-nin sosial obyektlər İdarəsinin formasını geyinmiş kommunal işçilər otları yaşıl boya ilə boyayır. Bu video sosial şəbəkələrdə hələ sentyabrın 8-də yayılıb, amma yerli sakinlər günlərdir şəhərdə “Potyemkin kəndi”nin tikintisini müzakirə edir. “Görəsən, səmanı bir da mavi eləmək və Günəşə daha da saraltmaq olardı? Axı bunlarsız şam ağaclarını rəngləmək yarımçarədir, tam harmoniya əldə etməyə imkan vermir”,-Yuri Malimon adlı istifadəçi ironiya ilə yazır. “Şəhər hələ bu cür alçalmamışdı”, - Mariya Hilman adlı digər istifadəçi bildirir.

 

78 il ağacdan asılı qalmış aviabomba tapıldı

Krım yarımadasındakı Aluşta kurort-şəhəri yaxınlığında, İkinci Dünya müharibəsindən  bəri ağac budaqlarında ilişib-qalmış bir alman avia-bombası  tapıldı.  Hafta.az İsrail mediasına istinadla xəbər verir ki,   bombanın 1941-ci ildə düşdüyü təxmin edilir.  Mərmi Aluşta yaxınlığındakı Bondarenkovo kəndi ərazisində dənizə gedən cığırın keçdiyi  yarğanlardan birində ağacın budaqları üzərində aşkar edilib. Fövqəladə hallar qurumu əlavə araşdırma nəticəsində ərazidə daha 2 aviabomba tapıb. Xatırladılır ki, Krımda şiddətli döyüşlər 1941, 1942 və 1944-cü illərdə baş verib. 

 

Təyyarə binanın üstünə düşdü - 7 nəfər öldü

Kolumbiyanın Popayan şəhərində yüngülmühərrikli təyyarənin yerə çırpılması nəticəsində 7 nəfər öldü. Hafta.az-ın yazdığına görə, APA xəbər verir ki, bu barədə “El Tiempo” nəşri məlumat yayıb. Bildirilir ki, təyyarənin göyərtəsində 9 nəfər olub, onlardan ikisi xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qəzanın uçuşdan bir neçə dəqiqə sonra baş verdiyi deyilir. Ehtimal olunur ki, qəzaya səbəb təyyarənin mühərrikinin sıradan çıxması olub. Hadisə zamanı təyyarə binaların üstünə düşüb. Faciənin baş verdiyi yerdə vəziyyəti qiymətləndirmək üçün rəsmi şəxslər araşdırmalar aparır.

 

Çürük kartof 4 nəfəri öldürdü

Rusiyanın Çelyabinsk vilayətində 4 nəfər çürük kartofdan zəhərlənərək öldü.  Hafta.az  xəbər verir ki,  bu haqda “RİA Novosti” Rusiya İstintaq Komitəsinin bölgə üzrə İstintaq İdarəsinə istinadla məlumat yayıb. Axşam saatlarında Kusinski rayonunun Maqnitka qəsəbəsindəki fərdi evin tərəvəz anbarında 4 yerli sakinin, o cümlədən 16 yaşlı yeniyetmənin cəsədi tapılıb. İlkin məlumatlara görə, adamlar kartofun çürüməsi nəticəsində əmələ gələn qazdan zəhərləniblər. Zərərçəkənlərin tərəvəz anbarını təmizləməyə çalışdığı qeyd olunur. Hazırda hadisənin bütün halları müəyyənləşdirilir. Yoxlamanın nəticələrinə əsasən prosessual qərar veriləcək.

 

Azərbaycanlının idarə etdiyi güləşdə maraqlı olay yaşandı

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında maraqlı hadisə baş verdi.  Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu, yunan-Roma güləşi üzrə 97 kq çəki dərəcəsində ABŞ təmsilçisi Treysi Qangelo Hankok və ukraynalı Nikolay Krısov arasındakı 1/16 final görüşünə təsadüf edib. İlk hissənin son saniyələrində Hankok Krısovu döşəkdən kənara atarkən, rəqib reklam lövhəsinin üzərinə, ardınca isə qonşu döşəyə düşüb. Qarşılaşmanı azərbaycanlı referi Asif Şirəliyev idarə edib.

 

İsmayıllıda kəndə ayı hücum etdi

İsmayıllı rayonunda ayı kəndə hücum etdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə Xanagah kəndində baş verib. Kənd sakini, 1950-ci il təvəllüdlü Rəsulov İsmayıl Yaqub oğlu kəndə girən ayının hücumuna məruz qalıb. Özünü müdafiə edərək ayıdan canını qurtaran İ.Rəsulov əl və üz nahiyəsindən xəsarət alıb. Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.