“Vaksin kəşf edilərsə, xəstələri təmin edəcək ilk ölkələrdən biri olacağıq” – Səudiyyə Ərəbistanı səfiri

14:00 08.07.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası Yaxın Şərqin ən iri ölkəsi olan Səudiyyə Ərəbistanına gec çatdı desək yanılmarıq. Doğrudan da, İranda, Avropada xəstəlik tüğyan edəndə bu ölkədə yoluxma sayı çox aşağı idi. Amma birdən-birə hər şey dəyişdi – o qədər insan xəstələndi ki, Krallıq yoluxanların sayına görə, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında 12-cü pilləyə yüksəldi. Bu gün ölkədə virusla xəstələnənlərin sayı 217 mindən artıqdır. Amma sevindirici haldır ki, yoluxanların dörddə üçü artıq sağalıb normal həyata qayıdıb. Onu da qeyd edək ki, Səudiyyə Ərəbistanı müsəlmanlar üçün həm də dini baxımdan vacib statusa malikdir. İlboyu Ümrəyə gedənlər, eləcə də yaxınlaşmaqda olan Həcc ziyarətinə gedəcək zəvvarlar Krallıqda vəziyyətin necə olduğunu bilmək istəyirlər. Hər kəsi düşündürən suallarımızla birlikdə Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyrlə görüşə getdik. Sağ olsun, xeyli vaxt ayırdı, gen-bol söhbət elədik. Nələri danışdıq, buyurun müsahibəni özünüz oxuyun:

- Yeni növ koronavirus böhranı başladığı ilk vaxtdan Səudiyyə Ərəbistanı Krallığı dövlət rəhbərliyi səviyyəsində və çox vacib ehtiyat tədbirləri həyata keçirməyə başladı. Bu erkən addımlar Krallığa daxil olan xəstəlik daşıyıcılarının sayının azaldılmasına açıq təsir göstərdi ki, bu da pandemiyanın mənfi təsirlərini azaltdı. Nəticədə, yoluxma və epidemiya səbəbindən ölənlərin sayı azaldı, sağalma hallarının sayı artdı və səhiyyə sistemi onun cilovlanmasında yüksək bacarıq nümayiş etdirdi. Bu böyük səylər Krallığın böhranları peşəkarlıqla idarə etməsi sayəsində həyata keçirdiyi tədbirlərdən və aparıcı rolundan, planlaşdırma aparmağa və önləyici tədbirlərini erkən dövrdən həyata keçirməyə hazır olmasından irəli gəlir. Bütün sektorların birgə səyləri, virusun yayılmasının məhdudlaşdırılması, təsirinin və nəticələrinin azaldılmasına şərait yaratdı. Digər ölkələrlə müqayisədə Krallıqda ölüm səviyyəsinin Allahın izni ilə aşağı olmasında bunun birbaşa rolu oldu.

- Çinin ardıyla İtaliyada, İspaniyada və İranda virus sürətlə yayılaraq on minlərlə insanı xəstələndirəndə, Səudiyyədə bu xəstəlik həmin ölkələrlə müqayisədə tək-tək yayılırdı. Ölkəniz virusdan bu qədər ciddi qorunduğu halda niyə bu gün ərəb dünyasının ən acınacaqlı vəziyyətinə düşüb?

- Virusun yayılma sürəti onun xarakterindən irəli gəlir və tibbi amillərinə əsaslanır. Dünyaya açıq olan Krallığın əhalisinin sayı ərazi ilə müqayisədə çoxdur, üstəlik ölkə dünyanın hər yerindən çox sayda gələn əcnəbi işçilər və ümrə ziyarətçiləri, həmçinin müxtəlif ölkələrdən qayıdıb gələn səudiyyəli turistlərini qəbul edir. Bu insanların hər biri özü də bilmədən virusun daşıyıcısı ola bilər. Çox vaxt yoluxma əlamətlərini gec aşkar edilir. Bunun nəticəsində infeksiya həmin dövrdə ötürülür və sonra onların yoluxması çox gec üzə çıxır. Krallıqda yoluxanların sayına gəlincə, bu da xəstələrin xəstəxanalara müraciət etməzdən əvvəl müayinə edilməsi və qeydiyyata alınması üçün dövlətin göstərdiyini səylərə bağlıdır. Belə ki, əhali evlərində müayinə edilir, xəstə ilə ünsiyyətdə olan insanların dairəsi müəyyənləşdirilir.

- Səudiyyə Krallığının ərazisi çox genişdir, əhalisi isə seyrək. Xəritəyə nəzər salsaq, virusun ən çox və ən az yayıldığı bölgələri ayıra bilərsinizmi? Ölkədə ən ağır vəziyyət konkret harda qeydə alınır və sair. Məsələn, Azərbaycanda Bakı, Gəncə, Lənkəran və Sumqayıt ən ağır vəziyyət olan yerlərdir...

- Krallıqda koronavirusun yayıldığı ilk dövrdə ən çox yoluxma, müxtəlif ölkələrdən olan ümrə zəvvarların gəlişi səbəbindən Müqəddəs Məkkə şəhərində qeydə alınmışdı. Lakin Səudiyyə hökuməti tərəfindən görülən ciddi tədbirlərdən sonra oradakı sayı azaldı. Hazırda təqribən 5,5 milyon nəfər əhalisi olan paytaxt Riyad və əhalisi sayı təxminən 3,5 milyona çatan Ciddə şəhərləri yoluxanların sayına görə önə çıxıb. Səbəb də bu iki şəhərin dünyanın müxtəlif ölkələrindən gələnlər üçün daha açıq olması və burada onların sayının daha çox üstünlük təşkil etməsidir .

- Səudiyyə Krallığı, belə deyək, imkanlı dövlətdir, tibb sahəsində hər hansı cihaz-ləvazimat, dərman və sair almaqda çətinliyi olmamalıdır. Bu mənada, ölkənizdə dava-dərman, tibbi ləvazimat, hətta həkim və ixtisaslı tibb işçisi çatışmazlığı hiss olunurmu?

- Bu və digər virusa yoluxmuş insanlara qulluq etmək üçün istifadə olunan bütün qabaqcıl tibbi ləvazimat və cihazlarımız var. Ancaq indiyədək bu xəstəliyi müalicə edən hər hansı dərmanın tapılmamasını nəzərə alaraq, qeyd edilməlidir ki, onu tezliklə cilovlamaq çətindir və sağalmaq üçün vaxt tələb olunur. Əgər bu cür müalicəvi dərman kəşf olunarsa, şübhəsiz ki, Krallıq virusa yoluxanları onlarla təmin edəcək ilk ölkələrdən biri olacaq. Sevindirici haldır ki, ölkədə sağalanların sayı tibb sahəsində inkşaf etmiş ölkələrlə müqayisədə daha çoxdur. İndiki mövcüd şəraitə baxmayaraq, Allaha şükürlər olsun ki, bu virusa qarşı mübarizə üçün tibbi avadanlıq və ya həkim çatışmazlığı yoxdur.

- Pandemiya müddətində hansı ölkələrdən Səudiyyə Ərəbistanına dəstək verilib – yardım göndərilib? Eyni zamanda, Krallıq özü dünyanın hansı ölkələrinə virusla mübarizə məqsədilə yardım edib?

- Səudiyyə Krallığı xarici ölkələrdən heç bir dəstək almayıb, əksinə, bəzi qardaş və dost ölkələrə, beynəlxalq təşkilatlara pandemiyaya qarşı mübarizə üçün əhəmiyyətli dəstək verib. Çin, Yəmən, Fələstin, Somali Krallığın yardım göstərdiyi ölkələr sırasında yer alır, təşkilatlardan isə Ümumdünya Səhiyyə Təşkilatı (210 milyon dollar), Peyvənd və İmmunlaşdırma üzrə Qlobal Alyans (GAVI) (150 milyon dollar) və Epidemiyalara Hazırlıq İnnovasiya Koalisiyasının (CEPİ) (150 milyon dollar) adını çəkə bilərik.

- Bilmək maraqlıdır: pandemiya dövründə ölkənizdə qalmış əcnəbilər arasında virus aşkarlandığı təqdirdə, onu öz vətəndaşlarınızla eyni səviyyədə müalicə edirsiniz, yoxsa ölkələrinə göndərirsiniz? Ümumiyyətlə, bu gün Səudiyyə ərazisində əcnəbi vətəndaşlar çoxdurmu, onlarla bağlı dövlətin mövqeyi necədir? Eyni zamanda, xaricdəki səudiyyəliləri ölkənizə qaytarmaq yönümündə dövlət hansı addımları atır? Məsələn, Azərbaycanda olan vətəndaşlarınızı Krallığa göndərdiyinizi bilirik...

- Krallıqda dövlət və özəl sektorlarında çalışanlar, o cümlədən ayrı-ayrı fərdi mənzillərdə xidmət göstərənlər də daxil olmaqla 10 milyona yaxın əcnəbi yaşayır. Bu şəxslərlə, Səudiyyə Ərəbistanında bərqərar olmuş dini və humanitar dəyərlər, vətəndaşlarının və burada yaşayan əcnəbilərin sağlamlığına Krallığın göstərdiyi diqqət əsasında rəftar edilir. Həmçinin, burada ölkələrindəki humanitar böhran səbəbilə Krallığa gəlmiş çoxlu suriyalı və yəmənli vətəndaşlar var. Onlara qaçqın kimi yanaşılmamış, hər biri səudiyyəlilər kimi pulsuz müalicə, təhsil və işlə təmin olunma hüquqlardan bəhrələnirlər. Krallıq, öz dəyərlərindən çıxış edərək, heç bir ayrı-seçkilik etmədən bütün şəxslərlə bərabər şəkildə davranır. Koronavirusun qarşısının alınması üçün Krallığın səylərini beynəlxalq miqyasda tanınmasına misal kimi, Beynəlxalq Şəffaflıq Təşkilatının Krallığın əməli fəaliyyətini yüksək qiymətləndirməsini göstərmək olar. Belə ki, koronavirusun yayılmasının qarşısını almaq üçün profilaktik tədbirlərin görülməsi ilə seçilən müsbət davranış sərgiləyib, bütün yerli və xarici vətəndaşlara beynəlxalq standart və praktikaya uyğun hərtərəfli tibbi xidmət göstərmək üçün bütün maddi və insan resurslarından istifadə edib. Hətta yaşayış, iş və sərhəd təhlükəsizliyi qaydalarını pozan şəxslər arasında bu virusa yoluxan və ya yoluxması şübhə doğuranlara qarşı hər hansı hüquqi və maliyyə tədbirləri görülməyərək, qeyd edilən qayğı ilə əhatə olunublar. Aviauçuşların dayandırılması və sərhədlərin bağlanması səbəbilə dünyanın müxtəlif ölkələrində qalan Səudiyyə vətəndaşlarına gəlincə, İki Müqəddəs Ocağın Xadimi uçuşlar bərpa olunandan sonra təxliyə edilənədək bu vətəndaşların ən yaxşı otellərdə yerləşməsi və onlara lazımi qida və tibbi xidmət göstərilməsi ilə bağlı Səudiyyə Ərəbistanının xaricdəki nümayəndəliklərinə göstəriş verib.

- Səudiyyə Krallığı həm də İslam dünyasının mənəvi mərkəzi olduğu üçün, soruşmadan ötə bilmərəm: Həcc mövsümünə az qaır, sizcə Həcc prosesi reallaşacaqmı? Bu müstəvidə Səudiyyə hökumətinin hansı planları var? Bir də, ilboyu davam edən ümrəyə gedən zəvvarlar hansı qaydada qəbul edilir və ya ediləcək ölkə ərazsinə?

- Səudiyyə Ərəbistanı Krallığı yeni növ koronavirusunun yayılma prosesini yaxından izləyir. Artıq ölkə rəhbərliyi qəbul olunmuş beynəlxalq standartların tətbiqinə səy göstərdiyini, ölkələrin və beynəlxalq təşkilatların, xüsusən də Ümumdünya Səhiyyə Təşkilatının virusun yayılmasının qarşısının alınması, məhdudlaşdırılması və Allahın izni ilə aradan qaldırması sahəsindəki səylərini dəstəklədiyini bildirib. Vətəndaşların və burada yaşayan əcnəbilərin, habelə Ümrə və Peyğəmbər məscidini ziyarət etmək üçün Krallığa üz tutmaq istəyən hər kəsin təhlükəsizliyini ən yaxşı şəkildə qorumaq üçün göstərilən səylərin davamı olaraq, səhiyyə orqanlarının ən yüksək ehtiyat standartlarını tətbiq etməklə əlaqədar tövsiyələrinə əsaslanaraq və yeni növ korona virusun yayılmasının qarşısını almaq məqsədilə, Səudiyyə Ərəbistanı hökuməti müvəqqəti olaraq Krallığa Ümrə və Peyğəmbər məscidini ziyarət məqsədi ilə girişi bağladı. Qeyd etmək lazımdır ki, bu prosedurlar aidiyyətı orqanlar tərəfindən davamlı şəkildə qiymətləndirilir. Həcc ziyarətinə gəlincə, Krallıq yoluxma risqini nəzərə alaraq dünyanın müxtəlif yerlərindən gələn 3 milyona yaxın zəvvarın zərər çəkməməsi üçün müvafiq qərar verdi. Belə ki, Həcc ziyarətinin ölkə daxilindəki müxtəlif ölkə vətəndaşlarının iştiraki ilə məhdud sayda təşkil olunacağını bəyan etdi.

- Az qala yarım ildir davam edən pandemiya dövründə Səudiyyə Krallığı ilə Azərbaycan arasında əlaqələr, ticarət, gediş-gəliş və sair necə tənzimlənir? Ölkələrimiz bu çətin dövrdə bir-birinə nə kimi dəstək verə biliblər?

- Bütün dünyada uçuşların dayandırılmasına baxmayaraq, hətta belə bir şəraitdə iki ölkə arasındakı münasibətlər dayanmayıb. Beynəlxalq təşkilatlar, konfranslar və virtual sammitlər çərçivəsində iki ölkə arasında əməkdaşlıq və koordinasiya davam edir. Buna misal olaraq, mayın 4-də Səudiyyə Ərəbistanının Xarici İşlər naziri şahzadə Feysəl bin Fərhanın Qoşulmama Hərəkatı Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə Görüşündə iştirakı, eyni zamanda aprelin 9-da təşkil edilən OPEC və qeyri-OPEC ölkələri nazirlərinin online formatda 9-cu fövqəladə iclasında Azərbaycan Enerji nazirinin iştirakını göstərmək olar. Səudiyyə Ərəbistanının "Aramco" və "ACWA Power" kimi iri şirkətlərinin ofisləri Azərbaycanda fəaliyyətini davam etdirir və mövcud layihələr və yeni müqavilələr üzərində işləyirlər. Səudiyyə Ərəbistanın Azərbaycandakı səfirliyi öz işini mövcud şəraitin tələblərinə uyğun şəkildə yerinə yetirir və Xarici İşlər Nazirliyi, Azərbaycan Nazirlər Kabineti və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən keçirilən virtual görüşlərdə tez-tez iştirak edib.

Oxunma sayı 12076