Vegan ətlərin ürək sağlamlığına xeyirli olmadığı üzə çıxıb

10:00 16.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bitki mənşəli ətlərin ürək sağlamlığına heyvan ətlərindən daha yaxşı təsir göstərmədiyi müəyyən edilib.

Hafta.az-ın “Medical News Today”a istinadən yazdığına görə, əvvəlki araşdırmalar, bitki əsaslı pəhrizlərin ürək sağlamlığı üçün faydalı olduğunu, çünki tərkibində vitaminlər, lif və antioksidantları ehtiva etdiyini müəyyənləşdirib. Ancaq dadı, qoxusu və quruluşu ilə heyvan ətlərini təqlid edən, ümumiyyətlə vegetarianlar tərəfindən istehlak edilən bitki mənşəli ətlərin ürəyə xeyirli olmadığı ortaya çıxıb.

Sinqapur Milli Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırmada 2-ci tip diabet riski yüksək olan 89 sinqapurlu iki qrupa bölünərək müayinə edilib. 8 həftə ərzində bir qrup heyvan əti yeməyə davam edərkən, digər qrup bitki əsaslı alternativləri istehlak edib.

Alimlər tədqiqatdan əvvəl və sonra iştirakçıların xolesterolunu, qan şəkərini və qan təzyiqini ölçüblər. Hər iki qrupda xolesterin səviyyəsində ciddi dəyişiklik müşahidə olunmasa da, heyvan əti yeyənlərin qan şəkərinin daha sabit olduğu qeyd edilib. Tədqiqatçılar bunun bitki mənşəli ət məhsullarında karbohidrat ehtiva edən əlavələrlə bağlı ola biləcəyi fikrini irəli sürürlər.

Yüksək qan şəkəri zamanla diabetə səbəb ola, həmçinin qan damarlarını və sinirləri zədələyərək ürək xəstəliyinə gətirib çıxara bilər.

“American Journal of Clinical Nutrition” elmi jurnalında dərc edilən araşdırmada heyvan əti qrupunda qan təzyiqində yaxşılaşma müşahidə edilsə də, digər qrupda belə bir yaxşılaşma nəzərə çarpmayıb.

"Bu nəticə bəziləri üçün gözlənilməz olsa da, ultra emal edilmiş zərərli qidaların heyvan qidaları ilə müqayisədə heç bir fayda vermədiyini tapmaq təəccüblü deyil" deyib tədqiqatda iştirak etməyən diyetisyen Kelsey Kosta “Medical News Today”a.

Məhdud vaxt və kiçik nümunə ölçüsü ilə yanaşı, bu tədqiqatın metodologiyası ilə bağlı əsas problemlərdən biri də odur ki, seçilmiş bitki əsaslı ət alternativlərində yüksək natrium və yenidən qızdırılan toxum yağları var.

Massaçusets Ümumi Xəstəxanasından nutritionist Emili Gelsomin də vegan ət alternativlərinin yüksək səviyyədə doymuş yağ və duz ehtiva etdiyini vurğulayır: “Doymuş yağda yüksək pəhrizlər həm ürək xəstəliklərinin, həm də vaxtından əvvəl ölüm hallarının artması ilə əlaqəli olduğundan, məqsədiniz təmiz sağlamlıqdırsa, belə qidaları seçməmək yaxşı olardı”.

Oxunma sayı 44