Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ölkənin coğrafi və mədəni xüsusiyyətlərindən ilhamlanaraq 19 memarlıq üslubunu özündə əks etdirən “Səudiyyə Memarlıq Xəritəsi”ni təqdim edib.
Hafta.az-ın yazdığına görə, Səudiyyə Memarlıq Xəritəsi həyat keyfiyyətini yüksəltmək, şəhər mənzərəsini yaxşılaşdırmaq və "Hədəf 2030"a çatmaq məqsədi daşıyır.
Səudiyyə Memarlıq Xəritəsi layihəsinin 2030-cu ilə qədər ümumi daxili məhsula (ÜDM) 8 milyard rialdan (2,13 milyard dollar) çox töhfə verəcəyi və 34 mindən çox yeni iş imkanı təmin edəcəyi gözlənilir.
Səudiyyə Ərəbistanının Memarlıq Dizayn Təlimatları üzrə Ali Komitəsinin sədri vəliəhd şahzadə bin Salman vurğulayıb ki, bu, ölkənin yerli landşaftla uyğun gələn və ənənəvi memarlıq üslublarını müasir metodlarla birləşdirən davamlı şəhərlərinin inkişafı səylərinin bir hissəsidir.

Bin Salman, "Səudiyyə Memarlıq Xəritəsi şəhərlərin cəlbediciliyini artırmaqla dolayı iqtisadi inkişafa töhfə verəcək, bu da ziyarətçilərin və turistlərin sayının artmasına səbəb olacaq, turizm, qonaqpərvərlik və tikinti ilə əlaqəli sektorların böyüməsini dəstəkləyəcək. Bu, həm də şəhərlərimizin və icmalarımızın çiçəkləndiyi bir gələcək qurmağı hədəfləyir" deyib.
Səudiyyə Memarlıq Xəritəsi, ölkənin inzibati bölgüsündən asılı olmayaraq, ilham aldıqları regionun coğrafi, təbii və mədəni xüsusiyyətlərini əks etdirən 19 memarlıq üslubunu ehtiva edir. Bu üslublara Mərkəzi Nəcd, Şimali Nəcd, Təbuk sahili, Mədinə, Daxili Mədinə, Hicaz sahili, Taif dağları, Saravat dağları, Əsir dağları, Tuhama ətəkləri, Tuhama sahili, Farasan adaları, Abha dağları, Bişa səhrası, Nəcran, Əl-Əhsa vahəsi, Əl Qatif vahəsi, Şərqi Sahili və Şərqi Nəcd daxildir.
Hər bir üslub nəsildən-nəslə ötürülən bina nümunələrini əks etdirən şəhər və tarixi araşdırmalar əsasında müəyyən olunub. Dizayn qaydaları böyük ictimai layihələrdən və kommersiya binalarından başlayaraq həyata keçiriləcək, ilkin olaraq Əl-Əhsa, Taif, Məkkə və Əbhada həyata keçiriləcək.