Vətəndaşlar əsas olmadan evdən çıxmasınlar - TƏBİB 

13:39 02.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vətəndaşlar əsas olmadan evdən çıxmasınlar. Vəziyyət pisləşmədən biz bu qadağaları qoymaq məcburiyyətindəyik.

Hafta.az-ın məlunatına görə bunu bu gün keçirilən mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxma sayı artdıqca vəziyyət çətinləşə bilər:

"Bu vaxta qədər virus xaricdən gələnlərdə aşkarlanırdı. Amma indi Azərbaycanın bütün bölgələrindən yoluxma təsdiqlənir. Ona görə də vətəndaşlar evdə oturmalıdırlar. Məqsədimiz bu gün əhalini kənardan gələn virusdan qorumaqdır. Buna görə də çalışırıq ki, insanları karantin şəraitində saxlayaq".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.

Oxunma sayı 40
Sosial rubrikasından digər xəbərlər