“Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olacaq” – Fikrət Yusifov

12:10 13.12.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Son 16 ildə Azərbaycanda sosial sahədə aparılan uğurlu siyasət müsbət nəticələrin əldə olunmasına gətirib çıxarıb. Hökumətin daxili siyasətində ölkə vətəndaşlarının yaşayış şəraitinin yüksəldilməsi prioritet təşkil edib. Bunu cari ilin ötən dövrü ərzində sözügedən istiqamətdə atılan addımlar bir daha da təsdiqləyir. Aydın görürük ki, “bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır” deyən ölkə Prezidenti cənab İlham Əliyev üçün vətəndaşların sosial məsələlərinin həlli bir qayda olaraq ön sırada yer alır”. 

Bunu hafta.az-a açıqlamasında keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib. Ekspert bildirib ki, dövlət başçısının cari ilin başlanğıcından ötən müddətdə vətəndaşların sosial problemlərinin həlli ilə bağlı qəbul etdiyi qərarlar Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasının sübutudur. Bu gün respublika iqtisadiyyatının real durumu və ölkənin maliyyə vəziyyəti dövlətimizə heç bir çətinlik çəkilmədən insanlarımızın əməkhaqlarını və təqaüdlərini birdən-birə 30-40 faiz, özü də ardıcıl şəkildə artırmağa imkan verir. Gələn ilin Dövlət büdcəsini də birmənalı şəkildə sosial büdcə adlandırmaq olar. Bir büdcədə ki, növbəti il üçün sosial müdafiə və sosial təminat xərcləri 31 faizdən çox artırsa, deməli, o büdcə sosial büdcədir. keçmiş maliyyə nazirinin sözlərinə görə, bu gün Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara dövlət qayğısı yüksək səviyyədə həyata keçirilir: “Bu kateqoriyaya aid insanların sosial müdafiəsini gücləndirmək üçün dövlət onların sağlamlıq, reabilitasiya, ödənişsiz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını yüksək səviyyədə təşkil edir. Təbi ki, atılan belə adımlar sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlarda dövlətindən tam məmnunluq hissi yaradır. Bu insanlar hər addımda dövlətin onların yanında olduğunu görə bilirlər. Yeri gəlmişkən, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlarımıza Birinci vitse- prezident Mehriban xanım Əliyevanın göstərdiyi qayğı və diqqəti də ayrıca qeyd etmək lazımdır. Birinci vitse- prezidentin sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara nə qədər böyük qayğı ilə yanaşdığının dəfələrlə şahidi olmuşuq. Bu sahəyə qayğı Mehriban xanım Əliyevanın humanitar sferadakı fəaliyyətinin əsas istiqamətlərindən biridir”. Fikrət Yusifov onu da qeyd edib ki, son illərdə Azərbaycanda sosial müdafiəyə xüsusi ehtiyacı olan insanların sosial müdafiəsini gücləndirmək istiqamətində çox işlər görülüb. Bölgələrdə bərpa-müalicə şəbəkələri genişləndirilib, sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin yüksək səviyyədə qurulması məqsədilə yeni uşaq bərpa mərkəzləri yaradılıb: “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi bir sosial dövlətin davamlı qayğılarından biridir. Azərbaycan bu gün artıq sosial dövlət olduğunu bütün dünyaya göstərə bilib. Son bir ildə Azərbaycan Prezidentinin vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul etdiyi qərarların demək olar ki, bənzərinə dünyanın heç bir ölkəsində rast gəlinməyib. Prezidentin bu ilin ilk aylarında təqdim etdiyi birinci sosial islahatlar paketi nəticəsində minimum əməkhaqqı mart ayının 1-dən 40 faizədək artırılaraq 180 manata, əmək pensiyalarının minimum məbləği isə 38 faiz artırılaraq 160 manata çatdırılmışdı. Ümumilikdə, cari ilin birinci rübündə reallaşdırılan və 3 milyona yaxın insanı əhatə edən bu sosial zərfin illik xərci 1,9 milyard manat təşkil edir”. Yola saldığımız ilin iqtisdadi uğurlarından və göstəricilərdən danışan professor onu da əlavə edib ki, dövlət başçısı tərəfindən cari ilin iyun ayının 18-də təsdiqlənən ikinci sosial zərfdə ölkədə minimum əməkhaqqının məbləği cari il sentyabrın 1-dən 40 faizədək artırılaraq 250 manata, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 200 manata çatdırılması təmin edilib: “Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin daha da gücləndirilməsi və bu məqsədlə bir sıra sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və avadanlıqla təchiz edilməsi üçün imzaladığı sərəncamla Dövlət büdcəsindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 019 100 (iyirmi milyon on doqquz min yüz) manat əlavə vəsait ayrılıb. “Bu, bir daha onu göstərir ki, bütün kateqoriyalardan olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi bundan sonra da dövlətimizin daim diqqət mərkəzində olacaq”.

Oxunma sayı 45