Veteranlarımızdan ən cavanının 96, ən yaşlısının 106 yaşı var - Cəlil Xəlilov

13:10 09.05.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiya sülhməramlıları azərbaycanlı veteranlarla görüşmək üçün təşkilatımıza müraciət ediblər

76 ildir ki, 9 May - faşizm üzərində Qələbə günü təntənəli surətdə qeyd olunur. Yüz minlərlə həmvətənlimiz bu Qələbə naminə canlarından-qanlarından keçdi. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitə bilməzdi.

Azərbaycan Respublikası Veteranlar Şurasının sədr müavini polkovnik Cəlil Xəlilovla bu mövzuda söhbətləşdik:

- Cəlil müəllim, 9 May Qələbə Günüdür. Bu gün Azərbaycanda nə qədər Böyük Vətən Müharibəsi veteranı qalıb? Dövlətin onlara qayğısı və diqqəti hansı səviyyədədir?

- 1941-1945-ci il müharibəsində 700 min azərbaycanlı iştirak eləsə də, yarıdan çoxu müharibədən qayıtmayıb. Qayıdanların çoxu sağlamlığını itirib, problemlərlə üzləşib. Bu gün onlardan Azərbaycanda 181 nəfər Vətən Müharibəsi iştirakçısı yaşayır. Onlardan ən cavanının 96, ən yaşlı veteranın isə 106 yaşı var. Azərbaycanda həm Sovetlər dövründə, həm də bugünümüzdə müharibə iştirakçılarına heç bir fərq qoyulmur. II Dünya müharibəsinin veteranları, yaxud Qarabağ müharibəsinin veteranları dövlətimiz, ictimaiyyət tərəfindən  diqqət və qayğı ilə əhatə olunublar. II Dünya savaşında vuruşan insanların hər birinə bir neçə gün öncə Prezidenti tərəfindən xüsusu məvacib ayrıldı. Hər il olduğu kimi, 1500 manat müharibə iştirakçılarına  və yaxud onların dul qalmış həyat yoldaşlarına, o cümlədən Leninqrad blokadasında qalan  insanlara 150 manat məvacib ayrılıb. Bu da veteran və onların ailələrinə diqqət və qayğının bariz nümunəsidir.

Bu gün ictimaiyyət, həm qohum-əqrəbaları, dövlət orqanları, gənclər veteranlarla görüşlər keçirir, fikir mübadiləsi olur. Həmin dövrdə onların göstərdiyi qəhrəmanlıq, rəşadət, əmək və hətta müharibə təcrübəsini gənclərimizə ötürməyə, tarixi faktları öyrənməyə çalışırıq.

 

- Azərbaycan xalqı iki Vətən müharibəsinin iştirakçısı oldu. Biri alman faşizmi üzərində gedən Böyük Vətən Müharibəsi, digəri Azərbaycanın öz torpaqları uğrunda erməni faşizminə qarşı Vətən Müharibəsi. Hər iki müharibədə vətən naminə olsa da, oxşar fərqli cəhətlər nədir?

- Bilirsiniz ki, Azərbaycan keçmiş SSRİ-nin tərkibində olanda da həmişə SSRİ ölkələrini özünə vətən hesab edib. O təhlükənin Azərbaycan üçün də olmasını xalq anlayırdı. II Dünya savaşında Azərbaycan neftinə maraq göstərənlər çox idi. O cümlədən, Hitlerin planlarından biri də Azərbaycan və onun neftini ələ keçirmək olub. Həmin dövrdə Hitler Almaniyasının iqtisadiyyatı aşağı düşmüşdü və istəyirdi ki, keçmiş SSRİ ölkələrinin bir hissəsini ələ keçirsin, iqtisadiyyatını gücləndirsin, neftlə təminatını həll etsin. Azərbaycan bunu anlayırdı, faşizm üzərində qələbə qazanmaq üçün sırf azərbaycanlılardan ibarət 6 diviziya yaradılıb. Onlar Qafqazın müdafiəsində, Ukraynanın, Moldovanın, Rusiyanın ərazilərinin işğaldan azad edilməsində xüsusi rəşadət göstəriblər. Məsələn, Həzi Aslanov Qafqazda xüsusi qəhrəmanlıq göstərib, alman ferdmarşalının ordusunu darmadağan edib. Belə faktlar həddən artıq çoxdur. İsrafil Məmmədov, Ziya Bünyadov,  Məlik Məhərrəmov, Adil Quliyev kimi müxtəlif qəhrəmanlarımızı sadalaya bilərik. Onların qəhrəmanlığı tarixdə qalıb, bu gün də biz istəyirik ki, bu bayram ərəfəsində bir daha onları xatırlayaq, bir daha onların qəhrəmanlığını gənclərimiz arasında təbliğ edək, gənclərimiz o tarixi faktları bilsinlər. Azərbaycan o qələbəni qazanmaqla faşizmə qarşı mübarizədə öz rolunu oynayıb. Müharibənin 85 faiz neftlə təminatını ödəyib, insanlarımız arxa cəbhədə qürurla dayanaraq çalışıblar ki, müharibədə qalib gəlsinlər. Bu qələbədə Azərbaycanın öz payı var. O cümlədən bu gün onların nəticələri 30 illik erməni işğalına qarşı 44 günlük müharibədə böyük qəhrəmanlıq göstərərək, düşməni darmadağın etdilər. Bu onu göstərir ki, Azərbaycan xalqı döyüşkən, qəhrəman xalqdır, öz torpaqları uğrunda mübarizə aparmaq qabiliyyətinə malikdirlər.

- Azərbaycanda Böyük Vətən müharibəsi iştirakçılarına çox böyük diqqət və qayğı olub. Bu gün Qarabağ uğrunda Vətən Müharibəsi iştirakçılarına olan qayğını necə qiymətləndirirsiniz?

- Həm II Dünya müharibəsi, həm də Qarabağ savaşında iştirak edən insanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Son dövrü götürəsək, Azərbaycan Prezidenti müharibədə əlillik dərəcəsinin alınması, şəhid ailələrinin təminatı, sosial müdafiəsi, qazilərin reablitasiyası ilə bağlı bəlkə də 24-dən çox xüsusi fərman və sərəncam imzalayıb. Həm Prezident, həm vitse-prezident bu məsələlərlə bağlı müxtəlif görüşlərdə, tədbirlərdə, müxtəlif açılışlarda iştirak edib, müharibə iştirakçıları ilə görüşürlər. Qələbənin ilk günlərində Prezidentin ilk görüşü elə müharibə iştirakçıları ilə oldu. Bu gün onlar üçün şəraitin yaradılmasında, sağlamlığın bərpa olunmasında dövlət əlindən gələni edir.

Qazilərin, iştirakçıların məşğulluğu və sosial təminatı məsələsi də gündəmdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu işlə yaxından məşğul olur. Məsələlər müxtəlif layihələr üzərindən həllini tapacaq.

- Qarabağda sülhməramlıların 9 May paradı keçirmək istəyi ilə bağlı fikirlər var, buna münasibətiniz nədir?

- İnanıram ki, orada sülhməramlıların paradı olmayacaq. Buna 100 faiz əminəm. Yəqin ki, 9 Mayla əlaqədar bütün SSRİ xalqları kimi orda xidmət edən insanlar da qələbəni bayram kimi qeyd edib, bir-birini təbrik etsinlər. Sülhməramlılar azərbaycanlı veteranlarla görüşmək üçün Azərbaycan Veteranlar təşkilatına müraciət ediblər. Təbii ki, o zonada yaşayan bir-iki vətən müharibəsi iştirakçısı var ki, hansının sağlamlığı imkan versə, o tədbirə qatıla bilər.

- Cəlil müəllim, bu gün qələbə paradında alman faşizmi ilə, erməni faşizmi üzərində qələbə paradının birgə qeyd olunması və Vətən üçün döyüşən qəhrəmanların bir araya gəlməsi ideyası ortaya çıxır. Bu istiqamətdə hansı addımlar atıla bilər?

- Bu gün ermənilər faşist ideologiyasını yaşadır. Onlar öz ərazilərində faşist Njdenin heykəlini saxlayır, adını əbədiləşdirmək və tarixi saxtalaşdırmağa cəhd edirlər. Ona görə də həm Qarabağ müharibəsində erməni faşistlərinə qarşı döyüşmüs əsgərlərimiz bizim üçün əzizdir, həm də alman faşizmi üzərində qələbə çalmış veteranlarımız, vətəndaşlarımız babalarımız bizim üçün çox əzizdirlər. Onlar bu qələbə bayramını bütövlükdə faşizmə qarşı qələbə bayramı kimi qeyd edə bilərlər.

 

Oxunma sayı 387