Vikipediya könüllüləri, ölkə üçün fədakarlıq edənlər - REPORTAJ-FOTO

14:23 17.01.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Son illər kitabxanalara maraq azalıb. Bunu etiraf etmək çətin olsa da, vəziyyət gizlədiləsi deyil. Lakin heç də ümidsizliyə qapılmaq lazım deyil. Bu gün virtual oxumaların sayı da artır və yüzlərlə insanlar hər gün internetdən məlumatlar alırlar. Bu məlumat mənbələrindən biri də “Vikipediya”dır. Nə qədər də etibarlı mənbə sayılmadığı deyilsə də, bu mənbədən yararlananların sayı günbəgün artır.

Biz də istədik ki, Azərbaycanda vikipediya könüllüləri ilə görüşüb, onların viki sahəsində gördükləri işlərlə maraqlanaq. İlk başdan ürəkaçan bir məqamla qarşılaşdıq. Xəbəri olmayanlar üçün də bildirək ki, azərbaycanlı könüllü vikipediaçıların ofisləri Mərkəzi Elmi Kitabxanada yerləşir. Zəngin kitabxanada belə bir şəraitin yaradılması çox yaxşı hal olması ilə yanaşı, vikipediyanın zənginləşməsi üçün əlverişlidir.

Və biz həmin ofisə daxil olub ilk elə vikipediya sahəsində tanınmış könüllü mütəxəssis Nuray Tanrıverdiyeva ilə söhbətə başlayırıq. Həmsöhbətimiz deyir ki, Azərbaycan dilində vikipediyanın zənginləşməsi üçün əlindən gələn hər şeyi edir, özü məqalələr yaratmaqla yanaşı, ayrı-ayrı yerlərdə təlimlər də verir. Gələcəkdə könüllü vikipediyaçı ordusunun yaranması üçün bu təlimlərin müsbət rolu olduğunu dilə gətirir.

Nuray xanım həmçinin bu gün vikipediyaya niyə istinad yoxdur sualına da aydınlıq gətirdi:

“Mən də ilk başlayanda vikipediyadan istifadə etmişəm, lakin heç zaman deməmişəm ki, aldığım məlumatı vikipediyadan oxumuşam. Könüllü olandan sonra bunu hiss edə bilirəm. Həmçinin indi məqalələr arasında fərqi də görə bilirəm. Siz də daxil olub son dəyişiklikləri  görə bilərsiniz. İndi əvvəlki ilə müqayisədə müsbət mənada çox fərq var. Bizim müəllimlər də tövsiyyə edirdilər ki, mövzunu vikipediyadan araşdıra bilərsən. Deməli, zamanla vikipediyaya da güvən artır. Bir çox universitetlərdə təlimlər keçmişik. Biz informasiya haqqında yazı yazanda çalışırıq ki, ya kitabdan, ya etibarlı saytdan əldə edək. Hər bir qeyd olunan məqalələrə nəzarət olunur. Vikipediyaya reklam yerləşdirmək olmaz”.

Nuray xanım həmçinin dövlət dəstəyinin olması məsələsinə də toxundu. O, deyir ki, könüllülər üçün burada çox yaxşı şərait yaradılıb: “Hər zaman dövlət dəstəyi olmalıdır. Xarici praktikalarda isə fərqlidir. Biz də çalışıb könüllü ordusu yaratmaqla bu işin öhdəsindən gəlirik. Erməsinstanda bu işi görən daha çoxdur. Çünki yardımlar olunur. Rus vikipediyası daha öndədir. Rusiya vikipediyasında erməni adminlər daha çoxdur”.

Həmsöhbətimiz həmçinin ermənilərin yerli məlumatlara müdaxiləsi məsələsinə də toxundu. Deyir ki, vikipediya elə bir yerdir ki, hamı ora daxil ola bilir: “Əgər hər hansı məlumata öz maraqlarına uyğun müdaxilələr olsa biz ona söyüşlə yox, vikipediya qaydalarına uyğun izah edə bilirik. Yox əgər bu, yetərincə işə yaramasa İP-si bloklanır. Blokdan çıxarmasaq daha o müdaxilə edə bilmir”.

Digər könüllü təlimçi Səbinə Abizadə isə deyir ki, təlimlərdən sonra qatılıb və vikipediya prinsiplərini öyrənib: “Çalışdığım qədər redaktələr edirəm. Əvvəllər məqalələrin adı yazılıb lakin heç məlumat yox idi və ya “google translate” edilib vikipediyaya  yerləşdirilib. Mən bunları əsaslı redaktə edirəm. Müstəqil mövzular üzrə də yeni məqalələr yaradıram”.

Daha bir könüllü vikipediyaçı Aynur Yusifzadə bildirir ki, könüllü olmaqla yanaşı həm də vikipediya üzrə təlimçidir. 6 aydır ki, vikipediya ailəsinə qoşulub. O, deyir ki, könüllü olmağın kökündə ölkəni və öz ixtisasını sevməyindərir: “Tarixçiyəm. Qoşulmazdan öncə tarixi məlumatlarda mənbələrin bəzən doğru olmaması və ya bu sahə üzrə kifayət qədər materialın olmaması məni düşündürürdü. Və düşündüm kimsə bu məqalə üzərində işləməlidir. Mən də öz dəstəyimi göstərirəm. Ən çox tarixi məqalələr yaradıram”. 

Xanımların aktivliyindən sonra daha bir könüllü mütəxəssis, təlimçi Fehruz  Rzayevlə söhbətləşdik. O, jurnalistika fakultəsinin ikinci kursunda təhsil alır. Həmkarların fikirləri ilə razılaşır. Bildirir ki, burada könüllülük əsas şərtdir: “Məqsəd odur ki, dövlətimiz haqqında məlumatlarla vikipediyanı zənginləşdirək. Yeni nəsil kitab tapmaqda çətinlik çəkəcəklərsə, mütləq onlar vikipediyadan yararlana biləcəklər. Təlimlər keçirəm ki, məndən sonra da kimlərsə buna qoşulsun, onlar da gələcəkdə vikipediyada Azərbaycan dilində məlumatlar yaratsınlar”.

Könüllü çalışanlara uğurlar arzu edib “Vikipediya”nın milli versiyasının koordinatoru, Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktorunun müavini Elnur Eltürk ilə söhbətləşdik . Elnur bəy maraqlı məqamlara toxundu.

- Elnur bəy, Azərbaycanda niyə vikipediyaya hələ də inam yoxdur.

- Bir çoxları istinad üçün əsaslı mənbə saymırlar. - “Vikipediya” açıq elektron ensiklopediya olduğu üçün hər kəs girib orada redaktə edir, məqalə yarada bilər. Fəlsəfəsi biliklərin, elmlərin bölüşməsinə söykənir. Bir şərtlə “Vikipediya” qaydalarını bilmək lazımdır. Çox vaxt bunu əsas götürürlər ki, hər hansı bir insan girib düzəlişlər apara bilirsə, deməli, “vikipediya” əsaslı mənbə deyil. Bu yaxınlarda bir statistika oxudum. Ölkəmizdə “Google”, “Youtube”, “yahoo” internet axtarış platformalarından sonra “vikipediya” dördüncü yerdə qərarlaşır. Hətta 2019-cu ilin dekabr ayı çərçivəsində 21 milyard giriş olub. “Vikipediya”nın Azərbaycan dil bölməsinə giriş sayı milyonu ötür. Təbii ki, yanlış məlumatlar da ola bilər, bu da normaldır. Çünki orada yüzlərlə insan fəaliyyət göstərir və hər gün onlarla məqalələr yaradılır. Buna baxmayaraq “vikipediya” insanların virtual ensklopediyasıdır. “Vikipediya”da vandalizm, müdaxilə anlayışı var. Belə hallar olanda, peşəkar “vikipediya”çılar o məqaləni geri qaytarır və səhv məlumatı düzəldirlər. İdarəçilər İP-ni də bloklayırlar.

- Olmaz ki, vikipediya da saytlar kimi yalnız adminlik əsasında, yəni istifadəçi parolu tələb etdikdən sonra redaktələrə icazə verilsin. Və bu parol yalnız adminlərdə olsun.

- “Vikipediya”nın özəlliyi odur ki, orada sərbəst fəaliyyətə üstünlük verilir. Təbii ki, “viki” icmanın seçdiyi idarəçilər tərəfindən nəzarət var. Bu olmasa virtual məkanda xaos olar. “Viki” icma burada maksimum baş verənləri izləyir və qaydaları qorumağa çalışır. Bu gün “vikipediya”nın Azərbaycan dil bölməsində qeydiyyatdan keçənlərin sayı çoxdur. İndiyə qədər 181 mindən çox insan qeydiyyatdan keçib. Ay ərzində 700-dən artıq istidafəçi fəaliyyət göstərir. “Vikipediya”nın öz üslubu var. Məqalələri ədəbi-publisistik üslubda yaza bilməzsən. Mənbələrlə əsasında məqalələr yaradılmalıdır.

- Bəzən “vikipediya”da yerləşdirilən məqalələrin orfoqrafik və qramatik qaydalar çərçivəsinə sığmadığının şahidi oluruq. Hətta bu dilçi alimləri də narahat edən məsələdir. Olmaz ki, o məlumatlar ora yerləşdirilməzdən əvvəl yoxlanılsın sonra yerləşdirilisin?

- Biz bu kimi pozuntular olan məqalələri görəndə düzəlişlər edirik. Yenə də səhvlərin olması gözləniləndir. Bəzən bizim könüllülərin yaratdığı məqalələr də səhvlər olur. Onlar aşkar etdikcə, redaktə edirik. Ancaq hər gün yüzlərlər məqalələr yaradılır. Hamısına nəzarət etmək olmur. Bu gün ona görə də könüllülərin sayını artırmaq istəyirik. Universitetlərdə bu mövzuda təlimlər veririk. Ali məktəb ocaqlarında “Vikipediya” Metodik Mərkəzlərinin yaradılmasını təşəbbüs olaraq irəli sürmüşük. Bir sıra ali məktəblərdə mərkəzlər fəaliyyət göstərir. Biz bu gün həm də çalışırıq ki, Azərbaycan oxucusunun güvənini qazanaq. Bəzən eşidirik ki, xaricidilli “vikipediya”lara daha etibarlı mənbə kimi yanaşılır. Komanda olaraq çalışırıq ki, ”Vikipediya”nın Azərbaycan dili bölməsində maraqlı məqalələr olsun. Məzmunlu,etibarlı mənbələrlə zəngin məqalələrin yaradılmasına daha çox üstünlük veririk. Bu gün ingilis,rus və başqa qlobal dillərdə məqalələrin çox olması normal haldır. Çünki o dildə danışanların saylarını diqqət etmək lazımdır. Azərbaycan dil bölməsi 154 mini keçən bölmədir. Həm də Azərbaycan viki icması bu işin öhdəsindən uğurla gəlir. Bildiyimiz qədər Azərbaycan dil bölməsinə hər ay bir milyona yaxın giriş var.

 - Erməni dilində yaradılan məqalələrin sayı bizdən çoxdur. Bəzən isə onlar Azərbaycan dilində olan məqalələri də saxtalaşdırmağa başlayırlar. Bu halla qarşılaşanda hansı addımları atırsınız?

 - Biz “vikipediya”da məqalələrin daha çox keyfiyyətinə önəm veririk. Erməndilli vikipediyada məqalələrin sayı 250 mini keçib. Keyfiyyət göstəriçisi(dərinlik) 41 dir. Ermənilər “vikipediya”da çox fəaldırlar. Onlar başda dillərdə fəaliyyətə üstünlük verirlər. Bu, onu göstərir ki, yəqin ki, onlarda mərkəzlər var və onlar da bu işi daha sürətli yerinə yetirirlər. Azərbaycandilli “Vikipediya”da bu rəqəm dərin göstəricisi 32-dir. Halbuki bizdə məqalələrin sayı 154 mindir. Hesab edirəm ki, Azərbaycandilli “vikipediya”nın keyfiyyəti daha çox artacaq. Yaxın zamanlarda Azərbaycanda da “Vikipediya” sahəsi də sürətli inkişaf edəcək. Mərkəzi Elmi Kitabxana da bu sahədə öz töhvəsini verir. Bizdə bunu tədris etmək üçün Vikipediya” Metodik Mərkəzi fəaliyyət göstərir. Orada könüllülərə “Vikipediya”nin qaydaları öyrədilir. Həm də fəaliyyətimizi asanlaşdıran amillərdən biri də Mərkəzi Elmi Kitabxananın kitabxana xidməti və rəqəmsallaşma şöbələri birgə əməkdaşlığı “Vikipediya”da məqalələrin zənginləşdirilməsinə uğurlu töhfə verir.

- Bildiyim qədəri ilə bu sahəyə dövlət tərəfindən maliyyə yardımı olmur.

- Əslində “Vikipediya” qaydalarına görə dövlət dəstəyinin göstərilməsi qəbul olunmur. Mərkəzi Elmi Kitabxanada “Vikipediya” sahəsində çalışanlar kitabxananın təlimçiləridir. Onlar saatlarının müəyyən bu sahəyə ayırırlar. Kitabxananın həm insan resursu, həm kitab vəsaitləri bu işə stimul verir. Mən dövlətimizin, akademiyanın, kitabxananın rəhbərliyinə gözəl şərait yaratdıqları üçün öz təşəkkürümü bildirirəm. Könüllülərimiz bundan yararlanaraq Azərbaycanın tarixi,mədəniyyəti, milli mənəvi dəyərləri, şəxsiyyətləri mövzusunda məqalələr yaradaraq, “Vikipediya”ya öz töhfələrini verirlər.

Oxunma sayı 932