Vladimir Putinin yeni islahatları - dəyişən Rusiya

15:37 21.01.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyada baş verən son siyasi proseslər bu ölkənin daxili işi kimi qiymətləndirilsə də, istər Qərb, istərsə də bölgə dövlətləri Prezident Vladimir Putinin son addımlarını diqqətlə izləyir. Çünki, yeni hökumətdə təmsil olunacaq şəxslərin kimliyi, ərazisinə görə dünyanın ən böyük dövlətinin siyasi sisteminin dəyişdirilməsinə dair Konstitusiya dəyişiklikləri Moskvanın gələcək xarici siyasi konturları barədə də təsəvvür yaratmağa imkan verir.  

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Konstitusiyaya dəyişikliklərin tezləşdirilməsi üçün başlayan hazırlıq prosesinə aydınlıq gətirib: 

"Prezident təşəbbüslə çıxış etdi. Dövlət başçısı tərəfindən səsləndirilən istənilən təşəbbüs ğbyük diqqətlə qarşılanır. Bu təşəbbüslərin reallaşdırılması və müzakirəsi isə prioritet qaydada həyata keçirilir".

Peskov Konstitusiya dəyişiklikləri ilə bağlı sənədin tez bir zamanda hazır olacağını açıqlayıb.

Qeyd edək ki, Vladimir Putinin təşəbbüsü olan bu dəyişikliklər əsasən dövlət başçısı postuna namizədlərə dair tələblər, onun hakimiyyətdə qalma müddəti ilə bağlı məqamları nəzərdə tutur. Bundan əlavə, parlamentin rolunun artırılması, Dövlət Şurasının səlahiyyətlərinin genişləndirilməsi də bu dəyişikliklər sırasındadır. Son məlumatlara görə, artıq dəyişikliklər paketi Dumaya təqdim edilib. Yanvarın 23-də sənədin müzakirəsinə başlanılacaq.

Bəs bunlar hansı dəyişikliklərdir? Konstitusiya ölkənin hüquq məkanında prioritet təşkil etməlidir. Konstitusiyaya dəyişiklərə əsasən, məmurlar, deputatlar və digər vəzifəli şəxslərin xarici ölkənin vətəndaşı olması və ya xarici ölkədə yaşamaq hüququna malik olması qadağan ediləcək.

Prezidentliyə namizədlərlə bağlı da mühüm dəyişikliklər nəzərdə tutulub. Prezident olmaq istəyən şəxs Rusiyada ən azı 25 il yaşamalı (indi bu müddət 10 ildir) və nə namizədliyi dövründə, nə də ondan əvvəl xarici vətəndaşlığı olmamalıdır. Bundan əlavə, Konstitusiyanın bir şəxsin iki müddət seçilmə hüququ barədə bəndindən “ard-arda” sözü götürüləcək.

Rusiyada dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarından ibarət vahid publik hakimiyyət sistemi yaradılacaq.

Digər yenilik isə Dövlət Şurasının statusu ilə bağlıdır. Bu, Rusiya Prezidenti yanında məşvərətçi orqandır. Vladimir Putin Dövlət Şurasının statusunu Konstitusiya ilə müəyyənləşdirməyi təklif edib. Dövlət başçısının rəhbərlik etdiyi Dövlət Şurasına parlamentin hər iki palatasının nümayəndələri, prezidentin səlahiyyətli nümayəndələri, regionların başçıları daxildir. Politoloqların rəyinə görə, gələcəkdə Dövlət Şurası icra hakimiyyəti strukturunun bir hissəsinə çevriləcək.

Rusiya Federal Məclisinin səlahiyyətləri genişləndiriləcək. Federal Məclis Rusiya Federasiyasının parlamentidir. Bu orqan Dövlət Duması (aşağı palata) və Federasiya Şurasından (yuxarı palata) ibarədir. Federal Məclis hökuməti formalaşdıracaq. Əvvəllər Baş Nazir Dövlət Duması ilə razılaşdırılaraq Prezident tərəfindən təyin edilirdi. İndi Dövlət Duması həm də Baş Nazirin namizədliyini təsdiq edəcək və həmin namizədin təklifi ilə hökumət üzvləri seçiləcək. Prezidentin Baş Nazirin namizədliyini rədd etmək hüququ olmasa da, onu işdən azad etmək səlahiyyəti qalacaq.

Güc strukturlarına gəldikdə isə prezident bu qurumların rəhbərlərini Federasiya Şurası ilə razılaşdırdıqdan sonra təyin edə biləcək. Eyni zamanda, Silahlı Qüvvələrə komandanlıq və ölkənin bütün hüquq sisteminə nəzarət də Prezidentin əlində qalacaq.

Vladimir Putin Federal Məclisə müraciətində qeyd edib ki, Konstitusiyaya düzəlişlər qanunun fundamental əsaslarına toxunmur və deməli, vətəndaşların səsverməsi əsasında parlament tərəfindən təsdiqlənə bilər.

Konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin aprel ayında keçirilə biləcəyinə dair məlumatlar da yayılıb. Kremldə artıq bu tarixlə bağlı bir neçə varianta baxılır. Ən optimal tarixin 12 aprel ola biləcəyi deyilir.

Son günlərdə Rusiyanın ictimai-siyasi həyatı ilə bağlı ən çox müzakirə edilən məsələlərdən biri də kadr islahatları ilə bağlıdır. Qeyd edək ki Rusiyada hökumət yanvarın 15-də istefa verib. Bunun ardınca Vladimir Putin artıq keçmiş baş nazir olan Dmitri Medvedevi Təhlükəsizlik Şurasının sədr müavini postuna layiq bilib. Lakin hələlik belə bir vəzifə yoxdur. Duma onun təsisi üçün qərar qəbul etməlidir. Medvedevin tutacağı yeni vəzifənin səlahiyyət çərçivəsi də dəqiqləşməyib.

Ekspertlər bildirirlər ki, yeni vəzifəsində Medvedev Təhlükəsizlik Şurasının katibinin yox, məhz onun sədrinin, yəni Prezident Vladimir Putinin "sağ əli" olacaq.

Politoloq Stanislav Belkovskinin qənaətincə, yeni vəzifə Medvedevi faktiki olaraq vitse-prezident edir. Keçmiş baş nazirin aparatdakı ağırlığı və Qərblə əlaqələri ona prezidentin "xüsusi göstərişləri"ni yerinə yetirmək imkanı yaradır.

Lakin başqa fikirlər də var. Məsələn, politoloq Marat Başirovun qənaətincə, Medvedevin indi tutacağı vəzifə keçici xarakter daşıya bilər. Sonradan onun başqa bir posta təyinatı da mümkündür.

Bu günlərdə Rusiyanın baş prokuroru Yuri Çaykanın da tutduğu postdan uzaqlaşdırılacağı xəbərləri yayıldı. Artıq onun yerinə İqor Krasnovun təyinatı barədə müzakirələr aparılır. Yuri Çaykanın istefası isə onun başqa bir vəzifyə təyinatı ilə əlaqələndirilib.

Yeni baş prokuror olacaq İqor Krasnovun açıq mənbələrə əsasən Arxangelskidən olduğu bildirilir. 44 yaşlı Krasnov 1997-ci ildən prokurorluq orqanlarında çalışır. 2007-ci ildən isə Axtarış Komitəsində fəaliyyət göstərib. Burada xüsusilə vacib işlərin üzrə baş araşdırmaçı işləyib. Onun karyerasında bir çox səs-küylü cinayətlərin araşdırmasına rast gəlmək mümkündür. 2005-ci ildə Anatoli Çubaysa hücumun istintaqını aparıb. Moskva Dövlət Məhkəməsinin hakimi Eduard Çuvaşovun ultramillətçilər tərəfindən qətlə yetirilməsi, vəkil Stanislav Markelov və jurnalist Anastasiya Barburova ilə bağlı cinayət işləri də ona həvalə edilib. Bundan əlavə, general-leytnant Krasnov Şərq kosmodromunda milyardlarla ölçülən mənimsəmə işini də araşdırıb.

Qeyd edək ki, artıq yeni hökumətin formalaşdırılması prosesinin də başa çatmaq üzrə olduğuna dair məlumatlar yayılıb. Yeni baş nazir Mixail Mişustin yeni siyahını prezidentə təqdim etməlidir.

 

Oxunma sayı 156
Siyasət rubrikasından digər xəbərlər