Wildberries, Moskvada Baqration körpüsünün yaxınlığında tikilməkdə olan binanı satın aldığını və tamamlandığında şəhərin ən hündür ofis göydələni olacağını açıqladı.
Hafta.az-ın “Moskviçmaq”a istinadən yazdığına görə, şirkətin Moskvanın nüfuzlu biznes bölgəsi Moskva-Sitidə baş ofis axtardığı çoxdan məlumdur. Bu yeni alış şirkətin böyümə və genişlənmə planlarının bir hissəsi hesab olunur.
Layihəsi 2022-ci ildə təsdiqlənən bina 398 metr hündürlüyü ilə Moskvanın ən hündür ofis binası olacaq. Təxminən 214 min kvadratmetr sahəyə sahib olacaq göydələn 17 min nəfər üçün nəzərdə tutulub. Göydələnə Moskva-Sitiyə möhtəşəm giriş nöqtəsi yaradan Baqration körpüsü də daxil olacaq.
Wildberries-in sahibi Tatyana Kim, yeni qərargahla bağlı qərarını bu sözlərlə izah etdi: “Biz bazarda bir çox müxtəlif variantları qiymətləndirdik, lakin hesab edirdik ki, artıq dizayn edilmiş və strateji bir yerdə yerləşən bu layihəni almaq, ən yaxşı qərar olacaq. Baqration körpüsünün biznes mərkəzi bizim inkişaf planlarımız üçün ideal seçimdir”.
Göydələn məşhur memar Sergey Çobanın ofisi tərəfindən layihələndirilib. Xəbərə görə, dizayn Kazimir Maleviçin əsərlərindən ilhamlanıb. Binanın 80-ci mərtəbəsində panoramik restoran və teras olacaq. Binada yemək meydançası, fitnes mərkəzi və hovuz kimi sosial sahələr də olacaq.