XİN Avropa Şurasının İnsan hüquqları üzrə Komissarının bəyanatına münasibət bildirib

19:12 21.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Avropa Şurasının İnsan hüquqları üzrə Komissarının bəyanatını şərh edib.

XİN-dən hafta.az-a verilən məlumata görə, L. Abdullayeva bildirib ki, gənc demokratik ölkə olan Azərbaycanda insanların bütün hüquq və azadlıqları, o cümlədən sərbəst toplaşmaq hüququ təmin olunub.

O vurğulayıb ki, bir qrup insanın sərbəst toplaşmaq hüququ digər qrup insanların hüquqlarının pozulması hesabına təmin oluna bilməz: “Bunu hamıdan yaxşı Avropa Şurasının İnsan hüquqları üzrə Komissarının bilməsi gərəkdir. 19 oktyabr tarixində bir qrup şəxsin mitinq keçirmək müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən bu mitinqin keçirilməsi üçün Bakı şəhərində digər ərazi müəyyən edilib. Mitinq müraciəti edən şəxslər qəsdən toqquşma yaratmaq məqsədilə şəhərin mərkəzi küçələrinə axışmağa cəhd ediblər və hüquq-mühafizə orqanları bu qanunsuz aksiyanın qarşısını almağa məcbur olub. Polis kübar və mədəni davranış nümayiş etdirib və heç kim ciddi xəsarət almayıb. Aksiyada iştirak edənlərin böyük əksəriyyəti rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb, digər şəxslərlə bağlı isə işlərinə müvafiq qaydada baxılıb qərar qəbul ediləcək”.

 XİN rəsmisi qeyd edib ki, komissarın bəzi Avropa ölkələrində nümayişçilərə qarşı rezin güllələrdən və həddindən artıq şiddətdən istifadə olunması hallarına nəzər yetirməsi yaxşı olardı: “Bəzi təşkilatların məsələnin mahiyyətinə varmadan, müvafiq rəsmi qurumların mövqeyini öyrənmədən tələsik şəkildə əsassız bəyanatlarla çıxış etməsi hər hansı bir şəkildə faydalı adlandırıla bilməz, əksinə Azərbaycana münasibətdə ikili standartların tətbiq edilməsi kimi qiymətləndirilməlidir. Bir daha vurğulayıram ki, Azərbaycanda insanların fundamental hüquq və azadlıqları təmin olunur və ölkənin hüquq-mühafizə orqanlarının əsas vəzifəsi məhz bu azadlıqların keşiyində durmaqdır”.

Siyasət rubrikasından digər xəbərlər