Xalça Muzeyində Gənclər Günü qeyd olunub

19:19 02.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli Xalça Muzeyində 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

Gənclər və İdman Nazirliyinin “Armudu” layihəsi çərçivəsində reallaşan tədbirin əsas məqsədi gənclərlə tanınmış incəsənət xadimlərinin görüşünü təşkil etməkdir.

Layihənin ilk qonaqları Xalq artisti Mehriban Zəki və Əməkdar incəsənət xadimi Baba Vəziroğlu olub.

Tədbirdə iştirak edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev gəncləri bu gün münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı Fərmanla fevralın 2-si ölkəmizdə Gənclər Günü elan edilib.

Bu ənənəni layiqincə davam etdirən Prezident İlham Əliyev də daima gənclərə diqqət və qayğı ilə yanaşır.

Daha sonra şair, dramaturq Baba Vəziroğlu gəncləri təbrik edərək özünü daim gənc hiss etdiyini dilə gətirib: “Gənc qalmağımın, görsənməyimin səbəbi məhz siz gənclərsiniz. Mən daim sizlərlə ünsiyyətdəyəm”.

İsmayıllı rayonundan başlayan ömür yolundan bəhs edən şair gənclərə həyat yolundan danışıb və öz tövsiyələrini çatdırıb. Gənclərlə görüşməyindən məmnun olduğunu deyən Baba Vəziroğlu hər zaman dinləməyə üstünlük verdiyini bildirib: “Bu gün mən siz dinləmək istəyirəm ki, Azərbaycan gəncləri nəyi istəyir, onların maraqları nədir. Həyatım boyu qazandıqlarıma görə kitablara borcluyam. İnsanın daxili zənginliyi oxumaqdan gəlir. Bu gün burada olmağımın səbəbi kitablardır. İnsan hər zaman daxilən zəngin olmalıdır. Ömrüm boyu oxumuşam, bu gündə oxuyuram. Kamilliyə gedən yol oxumaqdan keçir. Siz gəncləri daxili zənginliyə səsləyirəm, çalışın daxilən zəngin olun”.

Gənclərlə görüşə gələn digər qonaq, Xalq artisti Mehriban Zəki onları salamlayaraq bugünkü günün əhəmiyyətini vurğulayıb. “Bu gün qeyri-adi bir tarixdir - 02.02.2020. Deyilənə görə, bu tarixdə ürəkdən nə arzu etsən, ona çatarsan. Bu rəqəmin özünəməxsus bir energetikası var. Hər birimiz tezliklər torpaqlarımızın düşmən tapdağından azad olunmasını arzulayırıq. Əlimdə 24 il bundan əvvələ aid bir dəvətnamə var. 24 il bundan əvvəl mən I Gənclər Forumunda teatr, kino haqqında çıxış etmişdim. Bir il sonra isə Ulu Öndərimiz tərəfindən 2 fevral - Gənclər Günü kimi elan olundu”.

Sual və cavablarla davam edən görüş gənclərə xoş ovqat bəxş edib.