“Xalqımız radikal müxalifəti çoxdan tarixin tozlu arxivinə göndərib” – Dilarə Cəbrayılova

13:29 13.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“İqtidarından və müxalifətindən asılı olamayaraq hər şey elə hesablanmalıdır ki, atılan addımlar xalq naminə olsun. Xalqın rifah halının yaxşılaşdırılmasına, yaxşı yaşamasına xidmət etsin. Sabitliyimizin qarantı olsun. Amma müxalifətin atdığı addımlar bu sadalananlardan heç birinə cavab vermir. Onların sabitliyi pozmaq cəhdləri heç vaxt bir nəticə verməyəcək. Biz müxalifətin dünən keçirməyə cəhd göstərdiyi icazəsiz mitinqdən sonra da bunun bir daha şahidi olduq”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili Dilarə Cəbrayılova deyib. Millət vəkili bildirib ki, ölkədə hər vəchlə sabitliyi pozmaq istəyənlər sapı özümüzdən olan baltalardır: “Onların sosial bazasının olmadığını gördük. Çünki xalq və iqtidar birliyinin onurğa sütunu möhkəmdir. Onların gözü  ölkəmizin uğurlarını götürmür. Ona kölgə salmağa çalışırlar. Ölkədə gedən inkişafı görmürlərsə, bu, artıq radikal müxalifətin qərəzinin göstəricisidir. Bu inkişafı görməmək olar? Açıq-aşkar görünən odur ki, onlar xaricdən maliyyələşir. Azərbaycanı istəməyən qara qüvvələrin sifarişlərini yerinə yetirirlər. Xalqımız isə bunu çox yaxşı görür və dərk edir. Ona görə də radikal müxalifəti çoxdan tarixin tozlu arxivinə göndərib. İcazəsiz aksiya keçirməklə gündəmə gəlmək, “mən də varam” demək istəyənlər heç vaxt öz çirkin niyyətlərinə nail ola bilməyəcəklər”.

Siyasət rubrikasından digər xəbərlər