“Xarici investisiya tam normal fəaliyyət meydanı istəyir” – Fikrət Yusifov

13:37 18.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Harın məmurların cəmiyyəti qıcıqlandıran biznes fəaliyyətinə son verilməsi, onların dövlətdən oğurladıqları vəsaitlərin geri alınması, məmur himəyadarlığı altında olan biznesin vergiyə cəlb edilməsi zəruridir”.

Bunu hafta.az-a açıqlamasında keçmiş maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov deyib. Ekspert bildirib ki, Vergi Məcəlləsində gələn ilin yanvar ayının 1-dən tətbiq olunması təklif olunan dəyişikliklər 2019-cu ilin əvvəlindən  Məcəllədə edilmiş dəyişikliklərin davamı kimi dəyərləndirilir: “Başlanğıcını bu ilin əvvəlindən götürmüş islahatlar cari ilin ötən 10 ayı ərzində kölgə iqtisadiyyatın leqallaşdırılması istiqamətində gözləntiləri doğrulda bildi. Ötən dövr ərzində vergi ödəyicilərinin sayında bütövlükdə 10,1 faiz, əlavə dəyər vergisi ödəyicilərinin sayında isə 32, 9 faiz artım baş verdi. On ay ərzində bu artımın hesabına büdcəyə iqtisadiyyatın qeyri-neft sektorundan əlavə olaraq 483 milyon manatdan çox vəsait daxil olmuşdur. Buradaca maraqlı bir müqaisə apararaq islahatlar nəticəsində cari ilin ötən 10 ayı ərzində əlavə daxil olmuş 483 milyon manat vəsaitin nə demək olduğunu daha yaxşı dəyərləndirmək yerinə düşərdi”.  

Fikrət Yusifovun sözlərinə görə, 2020-ci il üçün Bakı şəhəri daxil olmaqla Azərbaycanın 66 rayonunun büdcəsinin yerli xərcləri 850,1 milyon manat proqnozlaşdırılır. Əgər bu xərclərin 333,5  milyon manatının təkcə Bakı şəhərinin yerli büdcəsinin xərcləri olduğunu nəzərə alsaq, onda yerdə qalan 65 rayonun üzrə yerli büdcə xərclərini 516 milyon manat təşkil etdiyini görərik: “Bu isə o deməkdir ki, aparılan vergi islahatları nəticəsində cari ilin 10 ayı ərzində xəzinəyə ölkənin 65 rayonunun büdcəsinin bir illik xərclərinə yaxın səviyyədə əlavə vəsait toplana bilib. Lakin bu son deyil. Bu sadəcə olaraq başlanğıcdır. Gələn ilin yanvar ayının əvvəlindən Vergi Məcəlləsinə ediləcək dəyişikliklər növbəti ildə bundan da yaxşı nəticələrin əldə olunacağına şübhə yaratmır. Çünki vergi yığımları üçün ölkədə kifayət qədər böyük potensial var. Bu potensialın imkanlarından maksimum  yararlanmaq  üçün hələ çox işlər görülməlidir. Deməli, ölkə Prezidentinin Fərmanı ilə Vergilər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin,  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin bir araya gətirilərək İqtisadiyyat Nazirliyində birləşdirilməsi ortaya indikindən daha ciddi hədəflərin qoyulduğundan xəbər verir. Məqsəd yalnız iqtisadiyyatın kölgədə olan hissəsinin fəaliyyətini leqallaşdırmaqdan ibarət deyil. Kölgədə olan iqtisadiyyatın leqallaşdırılmasının nə qədər önəmli olduğunun əlavə izahata ehtiyacı yoxdur”.

Ekspertin fikrincə, dövlət vergi islahatları ilə yanaşı, biznesin normal fəaliyyəti qarşısında mövcud olan bütün əngəllərin real olaraq aradan qaldırılmasını hədəfləyir: “Bu istəyin nə qədər açıq bir şəkildə ortaya qoyulduğu ölkə Prezidentinin son struktur dəyişiklikləri və kadr islahatları zamanı verdiyi bəyanatlarda öz əksini tapıb. Harın məmurların cəmiyyəti qıcıqlandıran biznes fəaliyyətinə son verilməsi, onların dövlətdən oğurladıqları vəsaitlərin geri alınması, məmur himəyadarlığı altında olan biznesin vergiyə cəlb edilməsi, biznes müstəvisində inhisarçılığın tamamilə aradan qaldırılması kimi tədbirlər və eyni zamanda məhkəmə islahatları Azərbaycanda istənilən daxili və xarici investisiyaların yatırılmasına real münbit bir şəraitin yaradılması demək olacaq”. 

Fikrət Yusifov hesab edir ki, bu gün biz biznesin başlanmasına yaratdığımız münbit şəraitə görə dünyanın 10 aparıcı ölkəsinin sırasına daxil olsaq da, ötən ilin 9 ayı ilə müqaisədə ölkəyə gələn xarici investisiyaların həcmində iki dəfəyə qədər azalma baş verib: “Bu nə deməkdir? Deməli, ölkəyə investisiya axınını əngəlləyən bütün məqamlar hələlik aradan qaldırılmayıb. Bax elə dövlət başçısının son çıxışları zamanı ifadə etdiyi narahatlıqların kökündə də bu məqamlar dayanır. Xarici investisiya tam normal fəaliyyət meydanı istəyir. Elə bir meydan ki, orada bütün oyun qaydaları hamı üçün eynidir, biznesə yersiz müdaxilə yoxdur, sahibkar öz haqqını məhkəmə vasitəsilə sübut edə bilir  - bir sözlə onun normal fəaliyyəti və biznesinin toxunulmazlığı üçün dövlət səviyyəsində real olan bir təminat mövcuddur. Bax bütün bunlar olan tədqirdə bizə xarici investisiyaları bura dəvət etməyə belə ehtiyac qalmayacaq – o investisiyalar özü axıb gələcək. Bu, sınaqdan çıxmış və dünyanın sürətlə inkişaf etmiş ölkələrinin keçdiyi gerçək bir yoldur”.