Xəzərin ekoloji vəziyyəti

19:24 16.09.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bakıda Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının VI Tərəflər Konfransına hazırlıq komitəsinin görüşü keçirilir. Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə məlumat verib. Şöbə müdirinin sözlərinə görə, tədbirin keçirilməsində məqsəd noyabrın 6-dan 8-dək Bakıda keçiriləcək Konvensiyanın Tərəflər Konfransına sənədlərin razılaşdırılması və təqdim edilməsi üçün hazırlanmasıdır: “Konvensiyanın tərəfləri, yəni bütün 5 Xəzəryanı ölkənin səlahiyyətli nümayəndələri bu tədbirdə iştirak edirlər. Tədbir 5 gün ərzində davam edəcək. Konvensiyanın məqsədi Xəzər dənizinin ətraf mühitinin və biomüxtəlifliyinin mühafizəsi, dənizin çirklənmədən qorunması və s. istiqamətlərdə Xəzəryanı ölkələrin əməkdaşlıq çərçivəsini müəyyən edir”.

Qeyd edək ki, dünya okeanı ilə birbaşa əlaqəsi olmayan Xəzər dənizinin sahəsi 380 min km2-dir. Xəzərin fauna və florasının özünəməxsus zənginliyi var. O, başqa dəniz və göllərdən seçilir. Xəzərin faunası tipik dəniz faunasından ciddi fərqlənir və burada 920-yə yaxın heyvan növü, habelə 101 müxtəlif balıq növü və forması yaşayır. Bunlara nərəkimi balıqlardan olan 5 metrlik nəhəng bölgədən tutmuş 45 mm uzunluqda olan hirkanobus xul balığı da daxildir. Onlar başlıca olaraq çayların dənizlərə töküldüyü yerlərdən yuxarıda və nadir hallarda dənizdə rast gəlirlər.

Hazırda Xəzərin ekoloji vəziyyəti heç də qənaətbəxş sayılmır. Mütəxəssislərin fikrincə, dənizin şelf zonasında problem daha kəskindir, artıq bu ərazilərdə ölü zonalar yaranıb. Bəzi yerlərdə çirkləndiricilərin qiyməti normanı 10-20 dəfə artır. Xəzərin çirklənmə mənbələri olduqca müxtəlifdir. Bununla daha çox Xəzərə axan çaylar vasitəsi ilə gələn çirkləndiricilər, sahil zonasında yerləşən şəhərlərdən və sənaye obyektlərindən çirklənmə, dənizdə neft hasilatı və nəqli ilə əlaqədar çirklənmə, Xəzər dənizi səviyyəsinin qalxması nəticəsində sahil zonasında su altında qalmış mənbələrdən çirklənmə aiddir.

Bu çirklənmə mənbələri içərisində birinci yeri Xəzərə axan çaylar vasitəsi ilə gətirilən çirkləndirmə tutur. Məlumatlara görə, çaylar vasitəsi ilə Xəzər dənizinə ildə 75 milyon ton neft məhsulları gətirilir və bunun 95 faizi Volqa çayının payına düşür. Digər tərəfdən, dənizdə neft quyularının, eskadalarının tikintisi və boru kəmərlərinin çəkilməsi həyata keçirilib. Bu qurğuların çox hissəsinin istifadə müddəti başa çatıb. Köhnəlmiş texniki qurğular korroziyaya uğruyaraq dənizi çirkləndirir. Dənizdə fəaliyyət göstərən müəssisələrin balansında olan özüllərin əksəriyyəti istismara yararsız vəziyyətdə dəniz akvatoriyasında atılaraq qalmaqdadır. Xəzər dənizinin çirklənməsində neft emalı müəssisələrində neftlə çirklənmiş suların tam təmizlənmədən dənizə axıdılması da rol oynayır.

Təbii ki, su mühitinin Xəzərsahili ölkələrin neft hasilatını artırması nəticəsində ifrat çirklənməsi balıq sənayesinə ciddi ziyan vurur. Xəzər dənizi üçün ən təhlükəli çirklənmə tərkibində zərərli kimyəvi maddələr olan tullantılarla çirklənmədir. Bunlardan neft karbohidrogenlərini, karbonukleidləri, xlor üzvi birləşmələri və ağır metalları göstərmək olar. Kimyəvi maddələr suyun və qruntun tərkibini dəyişdirir. Bu da öz növbəsində Xəzər dənizinin flora və faunasına öldürücü təsir göstərir

Digər tərəfdən, səviyyəsinin dəyişməsi problemi - Xəzər dənizi səviyyəsinin dəyişməsi sahil zonasında həmişə sosial-iqtisadi və ekoloji problemlər yaradıb. Məsələn, səviyyənin endiyi hallarda bütün hidrotexniki qurğuların, o cümlədən limanların yenidən tikilməsinə ehtiyac yaranır. Xəzər faunasının məskunlaşdığı və inkişaf etdiyi şelf zonasının sahəsi azalır, balıqların kürü tökmək üçün çaylara keçməsinə əngəl yaranır. Bu zonanın hidrometeoroloji rejimində də mənfi dəyişikliklər baş verir. Səviyyənin qalxdığı hallarda da sahil zonasının sosial-iqtisadi həyatına külli miqdarda ziyan dəyir, ekoloji şərait pisləşir, bataqlıqlar yaranır, evlər və torpaqlar su altında qalır.

Xəzər dənizinin  çirklənməsi ilə əlaqədar ekoloji şəraitin korlanması son dövrün ən mühüm problem olaraq qalmaqdadır. Zəngin təbii sərvətləri və müalicə əhəmiyyəti tarixən onun ətrafında çoxlu sayda insanların məskunlaşmasına səbəb olub. Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahillərində və akvatoriyalarında yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab suları, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir. Hazırda Xəzərsahili zonalarda 15 milyona qədər əhali yaşayır ki, onların da həyat fəaliyyəti bilavasitə bu dənizlə (əsasən də balıqçılıqla) bağlıdır. 

Eyni zamanda, dünyanın ən məhsuldar su sahəsi olan Xəzər yeganə dənizdir ki, nərə balıqlarının böyük ehtiyatı (təxminən 95faiz) burada cəmləşib. Məlumdur ki, nərə balığı dünya bazarında çox qiymətli sayılan qara kürünün "istehsalçısıdır". Ona görə də həmin balıqların Xəzərdəki genofondu ciddi şəkildə qorunur. Lakin Xəzərin varidatı bununla tükənmir. Neft-qaz ehtiyatı potensialına görə də o, dünyanın ən iri karbohidrogen xammalı mərkəzlərindən biridir. Ekoloji xarakteristikasına görə Xəzər dənizi çox vaxt digər qapalı hövzələr kimi öyrənilir. Qapalı hövzələrin isə müvafiq problemləri var. Məsələn, təbii resursların kəmiyyətcə tükənməsi, antropogen və torpaqüstü təbii ekosistemlərin tənəzzülü, dəniz mühitinin çirklənməsi və su ekosistemlərinin tənəzzülü kimi problemlər mövcuddur.

Bu gün Xəzər dənizinin  çirklənmədən qorunması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Azərbaycanda  bu məsələyə xüsusi önəm verilir. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri  2007-ci ildən etibarən hər il ənənəvi olaraq qeyd olunan "Xəzər günü"dür.  Bu tədbirlərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə  yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda, bu işə digər qurumları və əhalini də cəlb etməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov da hesab edir ki, Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahil zolaqları və akvatoriyasında yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab suları, dəniz nəqliyyatından və başqa mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir. Onun sözlərinə  görə, Abşeron yarımadasında kanalizasiya şəbəkəsinin tamamlanmaması, sahilboyu ərazilərdə fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin çoxunda təmizləyici qurğuların olmaması, tullantı sularının idarə olunmasına cavabdeh olan bələdiyyə, icra nümayəndəliyi, təmizlik işləri ilə məşğul olan müvafiq qurumların laqeyd münasibəti vəziyyəti daha da ağırlaşdırır.

Nazirlik rəsmisi əlavə edib ki, Xəzər sahili boyunca yerləşən yaşayış massivlərinin çoxunda formalaşan tullantı suları Hövsan kanalı və digər axarlar vasitəsilə təmizlənmədən birbaşa dənizə axıdılmaqda davam edir və bu da dənizdə gərgin ekoloji vəziyyətin yaranmasına səbəb olur: "Çirkab suların birbaşa Xəzərə axıdılmasının dayandırılması, acınacaqlı vəziyyət yaradan axarların qarşısının alınması üçün tərəfimizdən müvafiq tədbirlər görülür, eyni zamanda tullantı sularını dənizə axıdan fiziki və hüquqi şəxslərə təmizləyici qurğuların qurulması, daxili kanalizasiya sisteminin çəkilməsi, mövcud olan qurğuların düzgün idarə olunması üçün xəbərdarlıqlar edilir, məcburi göstərişlər verilir, cərimələr tətbiq olunur".

Xatırladaq ki, ötə ayadək aparılan monitorinqlərin nəticələrinə görə dənizi çirkləndirən 44 hüquqi və fiziki şəxs cərimə edilib. Bundan başqa, dəfələrlə edilən xəbərdarlıqlara əməl etməyən 23 obyektin fəaliyyətinin dayandırılması üçün məhkəmələrə müraciət olunub, 165 obyektə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Sosial rubrikasından digər xəbərlər