Kuba öz milli qəhrəmanı Xose Marti Peresin anadan olmasının 167-ci ildönümünü qeyd edir. Xalqı üçün onun fikirləri bu gün də öz aktuallığını qoruyub saxlayır. Kubalıların “Marti” adlandırdığı bu şəxsiyyətin xatirəsi hər gün yad olunsa da, 28 yanvar tarixində bu, dünya miqyasında genişlənir.
Kubanın milli qəhrəmanı yüksək amalı və prinsipləri olan, Latın Amerikası və beynəlmiləl ruhunu qoruyan, həm ictimaiyyət içində, həm də şəxsi həyatda qüsursuz davranış nümayiş etdirən və bəzi hallarda daha ötəsini təsəvvürə belə gətirmək mümkün olmayan insanı keyfiyyətlərə malik mütəfəkkir idi.
Geniş dünya görüşlü bu kubalı XIX əsrin ən tanınmış siyasi mütəfəkkirinə çevrilmək üçün yaşadığı dövrün sərhədlərini aşmağa nail olmuşdu.
Xose Marti Kubanı bütün qəlbi ilə sevirdi. O, Kuba İnqilab Partiyasının əsasını qoymuş, əsas məqsədi İspaniyanı adadan çıxarmaq və ABŞ-ın Antil adalarını zəbt etməsinə yol verməmək olan 1895-ci il müharibəsi və ya “zəruri müharibənin” təşkilatçısı olub.
Siyasi mübarizəsi və fəaliyyətindən əlavə, Marti öz ruhunun ayrılmaz hissəsi olan şeyriyyət, dramaturgiya, oçerklər, hekayələr və epistollarla (məktublar) zəngin ədəbi və publisistik irs qoymuşdur. Bununla bərabər, o, müasirliyin carçısı və iti zəkaya malik mütəfəkkir idi.
İllər boyu məqalələr və müxtəlif mövzulardakı yazıları ilə dövri nəşrlərlə əməkdaşlıq edib, xalqı mübarizəyə qaldırmaq üçün gücləri birləşdirməyə səsləyən siyasi mövzuda nitqlər söyləyib, sevgi və siyasi mövzuda məktublar qələmə alıb və yaşadığı həqiqətləri tam şəkildə əks etdirən fikirlərinin bir araya toplandığı mühüm əhəmiyyətli sənədlərdən ibarət irs qoyub.
Müxtəlif dillərə tərcümə edilən əsərləri bir çox əcnəbi nəşrlərdə işıq üzü görüb. Əsərlərində əks olunan dərin məna bir çox ölkələrdə onun irsinin tədqiqi və fikirlərinin yayılmasına həsr edilmiş institutların yaranmasına gətirib çıxarıb. Kuba və Amerikanın azadlığı uğrunda apardığı daimi fəaliyyəti və zəngin yazılı irsi, Martini amerikan ədəbiyyatının ən görkəmli və əvəzolunmaz xadimlərindən birinə çevirir.
Marti ədəbi irsinin ən mühüm elementlərindən biri onun jurnalist kimi məhsuldar fəaliyyətidir. Marti əsasən Buenos Airesin “Nasyon” (“Millət”), Nyu Yorkun “Günəş” (“ The Sun”), Kuba İnqilab Partiyasının mətbu orqanı, Meksika və Venesuelanın bir çox qəzetləri üçün məqalələr yazıb.
Bu gün, yanvarın 28-i Martinin varlığı Kubada heç vaxt olmadığı qədər hiss olunur və vətəninin tam müstəqillik qazanması üçün qələmi və ruhunu bir an olsun əsirgəməyən bu mütəfəkkir bir çox xalqlar tərəfindən yad edilir.
Alfredo Nieves Portuondo,
Kuba Respublikasının Azərbaycanda səfiri