YAP deputat İqbal Məmmədovla bağlı hansı qərarı qəbul edəcək? - AÇIQLAMA

12:01 20.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Lerik rayonundakı “Relax” istirahət mərkəzinə yoxlama üçün təşrif buyuran vergi orqanı əməkdaşları ilə  biznes strukturunun işçiləri arasındakı qarşıdurma ölkə gündəmini zəbt etdi. Adıçəkilən istirahət mərkəzinin sahibin hakim Yeni Azərbaycan Partiyasının (YAP) Lerik rayonunu təmsil edən deputatı İqbal Məmmədova məxsus olması ilə bağlı informasiyalar yayıldı. Millət vəkili isə yayılan xəbərləri təkzib etdi. Bildirdi ki, istirahət mərkəzi onun yox, qohumlarınındır.

Bəs baş verənlərlə bağlı hakim partiya deputat İqbal Məmmədovla bağlı hər hansı qərar qəbul edəcəkmi? Məsələyə münasibət bildirən YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri və Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə hafta.az-a açıqlamasında deyib ki, “Relax” işçilərinin yoxlayıcı orqan nümayəndələrinə qarşı hərəkətləri heç vaxt diqqətdən kənarda qala bilməz:

“Əlbəttə, bu hadisə diqqətdədir. Bunun özü göstərir ki, hamı qanun qarşısında bərabərdir və qanunun tələblərinə cavab verməlidir. O cümlədən “Relax” işçilərinin yoxlayıcı orqan nümayəndələrinə qarşı hərəkətləri heç vaxt diqqətdən kənarda qala bilməz. Dövlət var, dövlətin qanunları var. Hər bir strukturun və biznes təşkilatının büdcə qarşısında öhdəliyi mövcuddur. Bunlar yerinə yetirilməlidir. Məsələyə hüquqi qiymət verilib və cəmiyyət vaxtaşırı məlumatlandırılacaq. Həmin regiondan partiyamızın üzvü olan İqbal Məmmədovun məsələsinə gəldikdə isə verilən rəsmi məlumatlara görə o, həmin biznes strukturunun sahibi deyil. Onun qohumları adıçəkilən strukturun təsisçiləridir. Rəhbərləridir. Yəni, bu məsələdə İqbal müəllimin özünün bəyanatı verildi. Bu hərəkəti pislədi. Məsələyə hüquqi qiymət verilməsinin tərəfdarı olduğunu bildirdi”.

Siyasət rubrikasından digər xəbərlər