Yaponiyada vəhşi heyvanları təsərrüfatlardan uzaq tutmaq üçün nəzərdə tutulan robot canavarlardan indi əhalinin məskunlaşdığı ərazilərə ayı hücumlarının qarşısını almaq üçün istifadə olunur.
Hafta.az-ın yazdığına görə, Monster Wolf adlı robot canavar istehsal edən “Wolf Kamuy” şirkətinin prezidenti Motohiro Miyasaka canavarlardan ilk dəfə 2020-ci ilin payızında Takikava şəhərində istifadə olunduğunu və o vaxtdan bəri bir çox bələdiyyələrdən sifariş aldıqlarını bildirib.
Robot canavarlara tələbatın artmasının ən mühüm səbəbi ölkədə ayı hücumlarının həyəcan verici həddə çatmasıdır.
Ekspertlər ayı hücumlarının artmasını xüsusilə gənclərin kəndləri tərk etməsi, bir çox kənd yaşayış məntəqələrinin boşalması ilə əlaqələndirirlər.
Tokio Texnologiya və Kənd Təsərrüfatı Universitetinin professoru Şinsuke Koike, "Əvvəllər ayılarla insanlar arasında bufer zona rolunu oynayan kənd təsərrüfatı torpaqları gündən-günə azalır" deyib. Bildirilib ki, kənd yerləri boşaldıqca ayılar şəhərlərə yaxın ərazilərdə yaşamağa başlayıb, parlaq işığa, səs-küyə öyrəşib, insanlardan qorxmurlar.
Doğuş nisbətlərinin müəyyən səviyyədən aşağı qalması səbəbindən əhalinin azaldığı Yaponiyada ayıların sayı günü-gündən artır. Hökumətin məlumatlarına görə, Hokkaydo bölgəsində təxminən 12 min qonur ayı yaşayır, Asiya qara ayılarının sayı isə 10 min ətrafındadır. Son 60 ildə bu bölgədə insanlara 150-dən çox ayı hücumu olub.
Son illər ayı hücumlarının tez-tez baş verdiyi Yaponiyada 2021-ci il 4 nəfərin öldüyü, 10 nəfərin yaralandığı ən ölümcül illərdən biri olub.