“Yaramaz ulduzlar" Yer kürəsini məhv edə bilər

10:56 30.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fransız astronomlar, başıboş bir ulduzun Günəş sisteminə təhlükəli dərəcədə yaxınlaşması halında Yerin başına nə gələcəyini araşdırıblar.

Hafta.az-ın yazdığına görə, ulduzlar, cazibə qüvvələri sayəsində, ümumiyyətlə, olduqları qalaktikalara bağlı qalırlar və ətraf mühitlə ahəngdar şəkildə hərəkət edirlər. Ancaq bəzən bu bağ qırıla bilər. Məsələn, bir ulduz superkütləli qara dəliyə çox yaxınlaşarsa, istiqamətini itirir və kosmosda dolaşmağa başlayır. Belə ulduzlara "Yaramaz ulduzlar" deyilir. Alimlərin fikrincə, bu cür ulduzun Günəş sisteminə və Yerə təhlükəli şəkildə yaxınlaşması çox inandırıcı olmasa da, hər halda ehtimal var. Bu ehtimal reallaşarsa, Günəş sistemindəki planetlərin ahənglə hərəkətini təmin edən cazibə bağları qırıla bilər.

Bu ehtimal “Royal Astronomical Society” aylıq elmi jurnalda dərc edilən yeni tədqiqat məqaləsində müzakirə olunub.

Tədqiqatçılar Günəş sisteminin 100 astronomik vahidinə (Yerin Günəşdən uzaqlığına əsasən AU/uzunluq vahidi) bir “avara ulduz” gəlsə nə baş verəcəyini görmək istəyirdilər. Bu məqsədlə ümumilikdə 12 min simulyasiya həyata keçirilib.

Məqalədə deyilir: "Əgər ulduz Günəşdən 100 AU məsafəsindən keçərsə, sistemdəki 8 planetin hamısının yerində qalması üçün böyük şans olacaq".

Tapıntılara görə, bu ehtimal 95 faizdən yuxarıdır.

Digər tərəfdən, simulyasiyadan mənfi nəticələr də alınıb. Sözügedən ssenarilər Merkurinin ən həssas planet olduğunu göstərib. Bir çox ssenarilərdə planet Günəşlə toqquşma nəticəsində məhv edilib.

Digər nəticələrə Yerin Venera ilə toqquşması, Uran və Neptunun sistemdən atılması, yalnız Yer və Yupiterin, hətta yalnız Yupiterin sağ qalması ehtimalı daxildir.

Simulyasiyalar həmçinin 8 planetin hamısının sistemdən çıxa biləcəyini ortaya qoyub. Bununla yanaşı, simulyasiyaların əksəriyyətində müəyyən edilib ki, 8 planetin hamısı sistemdə qalsa da, onların orbitlərində dəyişikliklər ola bilər. Məsələn, bəzi planetlər Günəşə bağlı qalsalar da, Oort Buluduna tərəf sürüşüblər. Oort Buludu qlobal miqyasda Günəş sistemini əhatə edən və milyonlarla kometdən ibarət olduğu güman edilən qlobal kəmərdir.

Oxunma sayı 187