Yarımçıq qalan tikililər hərracla satılmalıdır - TƏKLİF

12:58 28.01.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bakıda yarıtikili binalar var ki, artıq inşası bir neçə illərdir ki, dayandırılıb. Həmin tikintinin rəhbərləri bir çox hallarda müflis olur və məcburən işlər dayandırılır. Bəzi hallarda da sənəd və müqavilələrdə razılaşdırılmamış məqamlara görə məcburi dayandırılır. Belə binalar isə hava şəraitindən asılı olaraq deformasiyaya uğrayır, uçmaq təhlükəsi ilə üzləşir.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində eksperti Nüsrət İbrahimov hafta.az-a açıqlamasında dedi ki, qanunda bu haqda heç nə nəzərdə tutulmayıb:

"Tikintinin müəyyən bir müddəti var. Bu da tikinti normalarına əsasən həyata keçrilməlidir. Əgər o normanı keçirsə, təbii olaraq artıq müəyyən qaydalar çərçivəsində tədbirlər görülməlidir. Yəni, tədbir ondan ibarətdir ki, müəyyən bir müddət əzrində yerli icra hakimiyyəti tərəfindən xəbərdarlıq olunmalıdır. Digər tərəfdən, əgər onun hər hansı həll oluna biləcək problemi varsa, tikintinin sona çatdırılması üçün tədbir görülməli və ya dəstək göstərilməlidir. Yox, əgər həll oluna bilməyən problemdirsə, layihəni qiymətləndirib hərraca çıxarılmalıdır ki, yarımçıq tikilinin inşası digər şirkət tərəfindən başa çatdırılsın".

Ekspertlər isə deyirlər ki, yarımçıq qalmış binaların dövlət tərəfindən müsadirə olunması qanunvericiliyə ziddir. Çünki bu, sahibkarlıq subyektinə qarşı təzyiq hesab edilir. Onların taleyi məsələsi istənilən halda ikitərəfli razılaşma əsasında olmalıdır. Çünki həmin binalar şəxsi mülkiyyətdir. Azərbaycanda bazar münasibətləri formalaşdığından yarımçıq binalarla bağlı administrativ idarəetmə formalarına əl atmaq düzgün olmazdı. Lakin Rusiyada olduğu kimi, həmin tikililərin hərraca çıxarılaraq satılması mümkündür. Təbii ki, dövlət də əhalinin keyfiyyətli mənzillərdə yaşamasında maraqlıdır.

Sosial rubrikasından digər xəbərlər