Yeni ixrac bazarları – Avropa Birliyi, Orta Asiya, Yaxın Şərq…

16:52 14.01.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, bir müddət əvvəl Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoymuşdu. Sonradan bu qadağalar qismən aradan qaldırılsa da, istehsalçıların yenidən eyni aqibətlə üzləşmə ehtimalları yüksəkdir. Bu səbəbdən dövlətin ali rəhbərliyi səviyyəsində ixrac məhsullarımız üçün alternative bazarların tapılmasının vacibliyi bird aha vurğulandı.

Bəs görəsən pomidorun və digər yerli məhsulların  ixracı ilə bağlı yeni bazarlar hara ola bilər? Digər bazarlara çıxışı necə əldə edə bilərik? Bunun üçün hansı addımlar atılmalıdır?

İqtisadçı Ekspert Natiq Cəfərli hafta.az-a bildirib ki, əslində Azərbaycanda çoxşaxəli ixrac modelinə keçməyin zamanı çoxdan çatıb:

"Çünki, Rusiya bazarından asılılıq, zaman-zaman bizə problemlər yaradır. Sadəcə tarixi bir ətalət var.Hələ Sovet vaxtından kənd təsərrüfatı məhsullarının Rusiya bazarına çıxarılmasına öyrəşmişik. Bu baxımdan asılılığımız indi də kifayət qədər yüksəkdir. Kənd təsərrüfatı məshullarının ixracatında Rusiya hegamon rol oynayır. Məhsulların 2/3-dən çoxu bu ölkəyə ixrac olunur. Yeni bazarlar yeni müqavilələrdən asılıdır. Azərbaycan əlində olan imkan və fürsətlərdən istifadə edib yeni müqavilələr bağlamağa çalışmalıdır".

 İqtisadçının sözlərinə görə, ən yaxşı bazar Avropa Birliyi bazarıdır. Ölkəmiz uzun zamandır ki, Avropa Birliyi ilə yeni sazişlə bağlı danışıqlar aparır. Bu danışıqlar il ərzində uğurla yekunlaşsa, Avropa Birliyi bazarlarına çıxış əldə etmək üçün bir fürsət yaranacaq. Avropa Birliyi bazarı 27 ölkəni əhatə edən, 500 milyonluq böyük bazardır. Burada qiymətlər də Rusiyadakına nisbətən daha bahadır. Həm də, Azərbaycan istehsalçıları Avropa bazarlarına çıxmağa çalışsalar, yeni və daha rəqabətli mühitdə fəaliyyət göstərəcəkləri üçün daha keyfiyyətli məhsulların istehsalını və  qablaşdırmasını da bacaracaqlar. Bunu da gec-tez öyrənmək lazımdır. Avropa Birliyi ilə müqavilə imzalanarkən Azərbaycana müəyyən kvotalar ayrılacaq. İl ərzində, Avropa Bazarlarına ən azı 250 milyon avroluq, güzəştli şərtlərlə ixracat imkanı yaranacaq. Digər bazar istiqaməti isə Orta Asiyadır. Kənd təsərrüfatı məhsulları ixracatında bizim qonşularımız, həmdə rəqiblərimizidir. Çünki, nə Gürcüstana, nə də Türkiyəyə belə məhsulların satışını edə bilmərik,  onlar özləri də ixracatçıdırlar. Buna görə də, Xəzərin o tayında, yəni Orta Asiya respublikalarında yeni bazarlara çıxış əldə etmək üçün çalışmaq lazımdır. Qazaxıstan, Türkmənistan, Qırğızıstan,Tacikistan kimi bazarlara çıxmaq bizə daha uyğundur. Qeyd edim ki, Özbəkistan Orta Asiya bazarlarında bizim ən böyük rəqibimiz ola bilər. Çünki özü də kənd təsərrüfatı ölkəsidir. Bundan başqa, Ərəb yarımadası, Yaxın Şərq ölkələrinə çıxış əldə etmək üçün çalışmağa dəyər. İqlim şəraiti uyğunsuzluğundan belə ölkələrdə kənd təsərrüfatı yox səviyyəsindədir. Bu istiqamətlər üzrə çalışmaq və  çoxşaxəli iqtisadiyyat modelinə keçidə cəhd etməyə dəyər".

N.Cəfərli onu da qeyd etdi ki, burada ilk addımı mütləq dövlət atmalıdır.

"Bu gün hər hanısa sahibkarın, Ərəb Əmirliyinə mal ixrac etməsi üçün, həmin ölkələrlə Azərbaycan arasında müqavilə zəmini olmalıdır. İlkin olaraq Avropa Birliyi və digər Regionlarla Azərbaycan Respublikasının yeni müqavilələr bağlamasına ehtiyac var. hüquqi baza yaradılmalıdır, ondan sonra təşviq proqramları irəli sürülə bilər. Hazırda bu istiqamətdə işlər görülüb, amma, yetərli deyil. İxracatçılara heç olmasa ilk 3 ildə, logistik xərclərinin dövlət tərəfindən ödənilməsi təklifi edilə bilər. Bir çox ölkələrdə ilkin olaraq belə təcrübələrdən istifadə olunub. İxracı stimullaşdırmaq üçün dövlətlər öz üzərinə müəyyən öhdəliklər götürüblər. Nəticədə həmin ölkələrdə ixracat potensialı genişlənib.

Sonda onu da qeyd edək ki, Rusiyanın Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycan bu ölkəyə 172,359 min ton (bu məhsulların ümumi idxalının 30,9%-i) təzə və dondurulmuş pomidor idxal edib. Hesablamalara görə, Rusiya bazarına pomidor ixracı il ərzində ölkəyə 150 milyon ABŞ dollarından çox gəlir gətirir.

 

Oxunma sayı 278