Yeni kəşf edilən canlıya Hindistan prezidentinin adı verildi

09:35 04.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Zooloqlar Hindistanın şərqində yaşayan qabıqsız dəniz ilbizinin yeni növünü kəşf edib və ona ölkə prezidentinin adını veriblər.

Hafta.az-ın “Hindustan Times”a istinadən yazdığına görə, prezident Droupadi Murmunun adını daşıyan qabıqsız dəniz ilbizi Melanochlamys Droupadi, yaqut qırmızı ləkələri olan qəhvəyi-qara rəngdədir və 7 millimetrə qədər böyüyə bilir.

Hindistan Zooloji Tədqiqatının (ZSI) alimləri bu ilbizi Hindistanın şərqindəki Qərbi Benqal və Orissa ştatlarının aşağı gelgit zonalarında 3 kilometrlik ərazidə aşkar ediblər.

Tədqiqatçılar Benqal körfəzinin şimal-şərq sahilindən 150-yə yaxın nümunə toplayıblar və növlərin həqiqiliyi geniş molekulyar analiz vasitəsilə təsdiqlənib. "Bütün nümunələr Benqalın şimal-qərb körfəzi boyunca, Qərbi Benqaldakı Digha və Orissa əyalətindəki Udaypur sahillərindən toplandı" deyib alimlər araşdırmada.

Dənizdə yaşayan qabıqsız ilbizlər, dayaz gelgit zonalarından dərin dənizlərə və qütblərdən tropiklərə qədər planetin hər yerində rast gəlinir.

Bu canlılar digər kiçik heyvanlar, o cümlədən dəniz ilbizlərinin başqa kiçik növləri, dəniz qurdları və kiçik balıqlarla qidalanır.

Yeni kəşf edilmiş qalxanbaş dəniz ilbizi (Cephalaspidea) bədəninin içində qabıqlı kiçik onurğasız və həm erkək, həm də dişi reproduktiv orqanlara malik hermafroditdir.

"Bu, Hindistan bölgəsindən ikinci növ və üçüncü əsl tropik növdür" deyən tədqiqatçılar, hazırda dünyada 18 növ qabıqsız dəniz ilbizinin tanındığını bildiriblər.

Araşdırmanın aparıcı müəllifi, ZSI-dən Prasad Çandra Tudu, prezidentin Hindistanın eyni bölgəsindən olduğu nəzərə alaraq bu dəniz ilbizini Murmunun şərəfinə adlandırmaq qərarına gəldiklərini deyib.

“Hindustan Times”a danışan Tudu deyib: "Biz araşdırmaçılar kəşf etdiyimiz növlərə ad qoymaqda sərbəstik. Həm prezident, həm də mən Mayurbhanjın Rairangpur rayonundan olduğumuz üçün yüksək vəzifəyə yüksəlməsini şərəfləndirmək üçün bu növün adını onun adını verməyə qərar verdim".

Tapıntılar çərşənbə axşamı “Mollusca Research” elmi jurnalında dərc olunub.

Oxunma sayı 263