Yerə həyat kosmosdan gəlib

10:05 04.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaponiyanın Kioto Universitetinin tədqiqatçılarının rəhbərlik etdiyi beynəlxalq komanda, Yer kürəsində həyatı dəstəkləyən mühitin yaradılmasında böyük rol oynayan azotun haradan gəldiyini öyrənməyə yaxındır.

Hafta.az-ın yazdığına görə, “Nature Astronomy” elmi jurnalında dərc edilən yeni araşdırmada, Günəş sisteminin xarici bölgəsindəki buzlu səma cisimlərindən qopan kiçik meteoritlər, formalaşmasının ilk günlərində azotu Yerə yaxın bölgələrə daşıyıb.

Tədqiqat qrupunun üzvlərindən olan Hope İşii, "Tapıntılarımız, əvvəllər təxmin ediləndən daha böyük miqdarda azot birləşmələrinin Yerə yaxın ətraflara daşınması və planetimizdə həyatın özülünün əsasını qoyması ehtimalını artırır" deyib.

Tədqiqatçılar bu qənaətə Ryuqu asteroidindən nümunələri təhlil edərək gəliblər.

Bu yaxınlarda Yaponiya Kosmik Agentliyinin “Hayabusa 2” kosmik gəmisi tərəfindən Ryuqudan toplanan nümunələrdə RNT komponenti və B3 vitamini aşkar edilib. RNT-nin kəşfi, Yer kürəsində həyatı təmin edən üzvi tikinti bloklarının kosmosdan gəldiyinə dair hələ də ən güclü dəlil kimi qəbul edilir.

Yeni araşdırmada nümunələri elektron mikroskopla araşdıran elm adamları bu kiçik qaya parçalarının səthinin dəmir və azotdan ibarət minerallarla örtüldüyünü müəyyən ediblər. Elm adamları uzun müddətdir ki, bu tikinti bloklarının planetin ilk günlərində Yerə düşən meteoritlərdən gəldiyindən şübhələnirdilər. Ancaq mövcud sübutlar o qədər də güclü deyildi.

Tədqiqatın aparıcı müəllifi Toru Matsumoto deyib: "Tərkibində ammonyak birləşmələri olan mikrometeoritlər adlanan kiçik meteoritlərin buzlu səma cisimlərindən qoparaq Ryuqu ilə toqquşmasını təklif edirik. Mikrometeoritlərin toqquşması dəmirlə örtülmüş səthdə kimyəvi reaksiyalara səbəb olur və dəmir nitratın əmələ gəlməsinə səbəb olur. "Hayabusa 2” Ryuqunun bu nümunələrini 2019-cu ilin fevralında toplayıb".

Nümunələr 2020-ci ilin dekabrında Yerə gətirilib və 2021-ci ildə Yaponiyada müayinə üçün hazırlanıb.

Oxunma sayı 240