Bakıda avanqard sərgi: “Ön söz!“

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt
Dünən Müasir İncəsənət Mərkəzində “Ön söz“ adlı sərginin açılışı olub. Tədbirdə 27 rəssamın işi (Afət Bağırova, Aida Mahmudova, Arif Əmirov, Əli Həsənov, Butunay Haqverdiyev, DJEMMA, Faiq Əhməd, Fərid Rəsulov, Fidan Seyidova, Fidan Şahin, Kamilla Verdiyeva, Leyla Əliyeva, Leyla Mirzə, Mehdi Məmmədov, Məmməd Rəşidov, Nail Ələkbərov, Nəzrin Məmmədova, Nicat Burciyev, Niyaz Nəcəfov, Orxan Huseynov, Ramal Kazımov, Rəşad Babayev, Rəşad Ələkbərov, Sitarə İbrahimova, Şahin Məlikzadə, TORA, Zərnişan Yusif) təqdim olunub. Sərgi bir ay davam edəcək. “Ön söz“ sərgisi “YARAT müasir incəsənət məkanı“ təşkilatının ilk ekspozisiya layihəsi və eyni zamanda, onun yeni, fəaliyyətdə olan mədəni institut kimi təqdimatıdır. Sərgidə müasir incəsənətin ənənəvi növ və janrları ilə yanaşı, installyasiyalar, perfomans və videoart təmsil olunur. Tədbirin məqsədlərindən biri tamaşaçılarla müasir incəsənətin artıq məşhur nümayəndələri ilə yanaşı, yeni, gənc, ümidverici adları da tanış etməkdir. Adından da göründüyü kimi, “Ön söz“ ekspozisiyasında söhbət incəsənətin dövrümüzün önəmli və canlı problemlərinə toxunan ən aktual, ön, eksperimental sıralarından gedir. Ekspozisiyanın məqsədlərindən biri ictimaiyyətin diqqətini müasir incəsənətin özünəməxsus art-analitika, yəni günümüzün ən aktual meyilləri və problemlərini konseptual bədii modellər vasitəsilə üzə çıxaran və təhlil edən sahə qismində önəmli roluna cəlb etməkdir. Təşkilata Aida Mahmudova rəhbərlik edir.

Nigar