Zelenski İstanbulda keçirilən Ukrayna-Rusiya danışıqlarının 2-ci raundunun ilk nəticələrini açıqladı...

17:44 02.06.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Prezident Vladimir Zelenski Ukrayna və Rusiya tərəfləri arasında İstanbulda keçirilən danışıqların başa çatdığını təsdiqləyib.

Hafta.az-ın “TSN”ə istinadla verdiyi xəbərə görə, jurnalistlərə verdiyi açıqlamada dövlət başçısı müdafiə naziri Rustem Umerovdan danışıqların yekunlarına dair dolğun hesabat gözlədiyini vurğulayıb.

"İstanbulda danışıqlar indicə başa çatıb və mən nazir Umerovdan tam hesabat gözləyirəm. Onlar Türkiyə tərəfi vasitəsilə sənədlər mübadiləsi aparıblar, biz əsirlərin yeni buraxılışını hazırlayırıq", - Zelenski bildirib.

Prezident müzakirə olunan sənədlərin təfərrüatlarını açıqlamayıb, lakin Türkiyənin yardımı ilə həyata keçirilən hərbi əsirlərin mübadiləsinin növbəti mərhələsinin hazırlandığını qeyd edib.

Xatırladaq ki, Kiyev və Moskva arasında danışıqların ikinci raundu iyunun 2-də günortadan sonra başlayıb. Açılış nitqi ilə çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna və Rusiya Federasiyasının atəşkəs şərtlərini və iki dövlət liderlərinin mümkün görüşünü müzakirə edəcəklərini bildirib.