Siqaretlər də bahalaşdı

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt

Bəzi xarici siqaretlərin idxalı dayandırılıb

Artıq bir neçə gündür ki, Bakı şəhərindəki müxtəlif topdan və pərakəndə ticarət mərkəzlərində, eləcə də mağazalarda və səyyar satış obyektlərində tütün məmulatlarının qiymətində artım müşahidə edilir. Paytaxtın ayrı-ayrı məkanlarında haqqında bəhs etdiyimiz obyektlərə baş çəkərkən bəzi siqaretlərin 10 - 20 qəpik bahalaşmasının biz də şahidi olduq. Məsələn, İmperial Classik siqaretinin böyüyü 40 qəpikdən 50 qəpiyə, nazikləri isə 50 qəpikdən 60 qəpiyədək bahalaşıb. 40 qəpiklik Vigor və Storm siqaretləri hazırda 50 qəpiyə satılır. 50 qəpiklik Slims siqaretlərinin qiyməti isə 60 qəpiyə qalxıb. Azərbaycanda istehsal olunan və əvvəllər 30 qəpiyə satılan Azəri və Bakı siqaretləri də 10 qəpik bahalaşaraq 40 qəpiyə satılır. Ancaq bununla belə bəzi siraqetlərdə ucuzlaşma və sabitlik özünü büruzə verir. Məsələn, Yava Export siqareti 60 qəpikdən 50 qəpiyə, qara Pall Mall siqareti 1 manatdan 80 qəpiyə düşüb. Digər siqaretlərin qiymətləri isə hələlik sabit qalıb.
Tütün məmulatları bazarındakı son durumu dəyərləndirmək, bahalaşma və ucuzlaşmanın səbəblərinə aydınlıq gətirmək üçün satıcılarla həmsöhbət olduq. Öyrəndik ki, Azərbaycanda siqaretə münasibətin dəyişəcəyi aylar öncə proqnozlaşdırılmışdı və bu, Rusiyadakı hadisələrlə əlaqədar idi. Xəyyam adlı bir satıcı vurğuladı ki, bir müddət öncə qonşu dövlətdə 3 mindən artıq azyaşlının siqaret çəkməsi həm ölkə ictimaiyyətində, həm də beynəlxalq aləmdə ciddi rezonans doğurub. Ona görə də orada qanunla tütün məmulatlarının istehsalının və istehlakçının məhdudlaşdırılmasına start verilib: “Bu baxımdan da Azərbaycanda da siqaretlərlə bağlı yeni ictimai fikrin formalaşdırılmasına başlanılıb. Özü də bu proses çox ciddi şəkildə aparılır. Məhz bu səbəbdən də son günlərdə siqaret istehsalı kəskin şəkildə azalmağa başladığından, bəzi siqaretlərin qiymətləri 10-20 qəpik bahalaşıb. Tələbatın azalması üzündən yeni istehsal olmadığından isə bəzi siqaretlər ucuzlaşıb. Üstəlik, əvvəllər xarici ölkələrdən ölkəmizə müxtəlif çeşidli siqaretlər gətirilsə də, son günlərdə xaricdə istehsal olunan siqaretlərdən bəzilərinin, məsələn, Marlboro, Parlamentin Azərbaycana idxalı dayandırılıb. Səbəb isə tütün məmulatlarına tələbatı getdikcə azaltmaqdır. Yəni siqaretin insan səhhətinə həddən artıq zərərli olduğunu anlayan qurumlar və şirkətlər artıq vətəndaşların sağlamlıqları və ekologiyanın təmizliyi barədə düşünməyə başladığından idxal və istehsal zaman-zaman azalacaq“.
Təbriz Vəfalı