Zeytun turşusu – faydası və zərərləri - MENYU

11:53 16.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Zeytun qədimdən insanların qida rasionuna daxildir. Onun  tərkibində olan xeyirli maddələr sümüklərin və dişlərin vəziyyətinə müsbət təsir edir, immun sistemini möhkəmləndirir. Bu faydalı bitkidən əsasən səhər yeməklərində istifadə olunur. Bundan başqa zeytun yağı və turşusu istehlakçıların sevimli məhsulları sırasındadır.

Hafta.az-ın “Menyu” rubrikasının bu günkü mövzusu zeytun turşusu ilə bağlıdır. 

Mövzu ilə bağlı hafta.az-a danışan qida mütəxəssisi Məhsəti Hüseynova söylədi ki, zeytunun tərkibi nadir görülən "pp" vitamini və "c" vitamini, omeqa 6 yağ turşuları ilə boldur.

Zeytun mineral və vitamin tərkibi sayəsində orqanizmə olduqca böyük faydalar verir. Belə ki o, ürək-damar sistemi, beyin, mədə-bağırsaq, qaraciyər üçün əvəzsiz xeyirlər bəxş edir. Qəbizlikdən əziyyət çəkənlərə zeytun istifadəsi tövsiyə edilir.

Həmçinin ekspert zeytun turşusunun da zeytun qədər faydalı olduğunu vurğuladı. Əlavə etdi ki, ev şəraitində zeytun turşusu qoymaq heç də çətin deyil:

“Diqqət etmək lazımdır ki, turşu düzgün şəkildə qoyulsun. Zeytun turşusu hazırlamaq bir az zəhmət tələb edir. Zeytunlar toplandıqdan sonra çürüklərindən arındırılır. Ardınca isə yaxşı-yaxşı yuyulur. Yuyulmaya ciddi diqqət göstərilməlidir. Çünki paytaxtda yol kənarlarında zeytunlar maşınların tüstüsünə və həddindən artıq tozlanmaya məruz qalırlar. Zeytunları cızma yaxud da əzmə üsulu ilə əzmək lazımdır.

Əgər cızma ediriksə bunu xüsusi dəmirlər yaxud nazik uclu bıçaq ilə həyata keçiririk. Bu zaman zeytun hər iki tərəfdən cızılıb şüşə qablara yığılır. Çox xırda zeytunları ət taxtası və yaxud başqa bir şeylə əzirik. Əsas məqsəd zeytunun içindəki acılığı çıxarmaq üçün suya qoyanda daha rahat olmasıdır. Bütöv halda acılıq tam çıxa bilməyəcək. 4 gün suda saxlanmış zeytunun acısı tamamilə çıxmış olur. 5-6 dəfə suyu dəyişdirilir. 3 kiloqram zeytunun üzərinə 3-4 yemək qaşığı duz əlavə edilir. Qaya duzu olsa daha faydalıdır. Daha sonra üzərində bir limon sıxılaraq 100 qr limon duzu əlavə edilməlidir. Əgər limon duzu yoxdursa, o zaman limonun miqdarını artırmaq olar. 2-3 həftə gözlədikdən sonra zeytunlar yeyilməyə hazırdır”.

M.Hüseynova mağazalarda açıq satılan zeytunların əsil təhlükə mənbəyi olmasından da söz açdı:

“Bəzən mağazalarda açıq şəkildə satılan zeytun turşusu ilə qarşılaşırıq. Bu zaman məhsulun saxlanma şəraitinə fikir verməliyik. Əks halda qida bütün faydalılığını itirərək zərərli məhsula çevrilir. Yaxşı olardı ki, istehlakçılar açıq şəraitdə satılan zeytun turşusundan imtina etsinlər.Böyük marketlərdə açıq satılan zeytunlar soyuducuda digər məhsullarla birlikdə saxlanılır. Bu da məhsulun keyfiyyətinə zərər verir. Ona görə də yaxşı olardı ki, kip qablarda satılan məhsullara üstünlük verilsin”.

Son olaraq qida mütəxəssisi hazır və qablaşdırılmış formada satılan zeytun turşusunun keyfiyyətinə də toxundu:

“Zeytun turşusu yeganə turşulardandır ki, ona əlavə qatqı maddələri vurmağa ehtiyac yoxdur. Marketdə şüşə qablarda satılan turşular da keyfiyyət baxımından heç də evdə hazırlanandan geri qalmır”.

Oxunma sayı 31