"ABŞ-ın postsovet regionuna münasibətində yeni dövr başlayıb" - Fuad Çıraqov

15:35 21.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra ABŞ-ın regionumuzla bağlı xarici siyasətinə təsir edən iki məqam olmuşdu ki, bu da bölgədə 13 ilə yaxın bir dövrün açılmasına səbəb verib".

Hafta.az-ın yazdığına görə, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Fuad Çıraqov deyib. Ekspert bildirib ki, həmin məqamlardan birincisi, 2008-ci il prezident seçkilərində qalib gələn və 2009-cu ilin əvvəlində fəaliyyətə başlayan Obama administrasiyası Rusiya ilə münasibətlərinə dair "yenidənbaşlama" ("restart", "перезагрузка") strategiyasını elan etdi. Bu strategiyanın mahiyyətini yaxşı anlamadan regionda cərayan hadisələri başa düşmək mümkün deyil. Qısası, bu nə idi? Kobud şəkildə post-sovet məkanında Rusiyanın maraqlarının, dominantlığının və mövqelərinin tanınması, ABŞ-ın geri çəkilməsiydi. ABŞ milli təhlükəsizlik şurasında yüksək vəzifə tutan şəxslərdən biri öz məqaləsində sonralar yazırdı ki, sitat: ABŞ Rusiyadan dünyanın bölgələrində və işlərində dəstək almaq üçün Gürcüstanı qurban verdi.

Xüsusilə, əvvəllər də dəfələrlə yazdığım kimi, Çinə qarşı Rusiyanı öz tərəflərinə çəkmək cəhdi idi. "Restart"dan Mixael Saakaşvili də hakimiyyətdən getdi, Krım və Donbas olayları oldu, ABŞ və Qərb faktik ciddi nəsə etmədilər. İstər münaqişə, istərsə də müharibədən sonrakı nizamlanma prosesində Rusiyaya mane olmadılar. Amma indi artıq görürük ki, təşəbbüsü ələ almağa çalışırlar. "Şimal axını"na da yaşıl işıq yandırdılar və sair. Nə isə, bu "restart" haqqında çox danışmaq olar.

"İkinci məqam odur ki, 2009-2010-cu illərdən Qərbdə enerji texnologiyalarında yeni keyfiyyət dəyişikliyi və inqilab başladı. Bu proses hələ də davam etməkdədi, yaxın gələcəkdə ənənəvi enerji sektorunu kökündən alt-üst edəcək yenilik və ixtira istənilən an ola bilər. Bu keyfiyyət dəyişikliyi fərqli istiqamətlərdə gedir, şist qazı, şist nefti, günəş panelləri, külək turbinləri - bunlar görünən tərəflərdir. Uzun sözün qısası, təkcə bu şist nefti və qazı ABŞ-a imkan verdi ki, təlabatın böyük hissəsini özü ödəsin, Səudiyyə Ərəbistanından daha çox neft, Rusiyadan daha çox qaz istehsal etsin. ABŞ-ın Yaxın Şərqdən neft asılılığı kəskin şəkildə aşağı düşdü, paralel neftlə zəngin ərəb ölkələri ilə münasibətlərinin xarakterini də dəyişdi" deyən Fuad Çıraqov bildirir ki, artıq Yaxın Şərqin əsas neft alıcısı Çindir.

Ekspertin sözlərinə görə, ümumiyyətlə, ABŞ-ın xarici siyasətində enerji amilinin əhəmiyyəti azalıb. Bu da təbii ki, bölgəmizə marağı və iştirakı aşağı salıb. Vəziyyət o yerə gəlib çatmışdı ki, "Azərbaycan", "enerji təhlükəsizliyi", "diversifikasiya" deyəndə, Vaşinqtonda bəzi ekspertlər kinayəli gülüşlə reaksiya verirdilər. "Bu dövr Rusiyanın Ukraynaya qarşı müharibəsinə qədər davam etdi. İndi isə yeni dövr başlayır. Necə olacağını demək çətindir. Amma çətin dövr olacağı aydındır. Bayden yuxarıda təsvir etdiyim dövrün başında vitse-prezident idi, yəni, prosesin həmmüəlliflərindən biri də deyə bilərik. İndi isə özü bu dövrün sona çatmasını elan edir. Bu açıq-aydın Azərbaycan Prezidentinə ünvanlanan məktubda elan edildi", - Fuad Çıraqov bildirir.

Oxunma sayı 400
Siyasət rubrikasından digər xəbərlər