"Çin Avropa İttifaqını iqtisadi-ticari əməkdaşlıqda açar kimi görür" - Si Cinpin

10:45 08.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çin rəhbəri Si Cinpin Pekində Çin - Avropa İttifaqı Zirvə Toplantısı üçün ölkəsinə səfər edən Aİ Şurasının sədri Şarl Mişel və Aİ Komissiyasının sədri Ursula von der Leyenlə görüşüb.

Hafta.az-ın yazdığına görə, görüş zamanı Si, Çin və Aİ iqtisadiyyatlarının "yüksək dərəcədə bir-birini tamamladığını" və əməkdaşlığın təkmilləşdirilməsinin ümumi maraqları gücləndirəcəyinə diqqət çəkərək, "Çin yüksək keyfiyyətli inkişaf və xaricə açıqlığın yüksək standartlarına can atır. Çin Avropa İttifaqını iqtisadi və ticari əməkdaşlıqda açar kimi görür, elmi və texnoloji əməkdaşlıqda üstünlük verir. Sənaye və təchizat zəncirləri Avropanı əməkdaşlıqda etibarlı tərəfdaş kimi görür" deyib.

Çin və Aİ-nin çoxqütblülük inkişaf etdirə biləcək iki güc olduğunu vurğulayan Si, "Sistemlərimiz fərqli olduğu üçün bir-birimizi rəqib görməməli, sırf rəqabətdə olduğumuz üçün əməkdaşlığı azaltmamalı, qarşıdurmaya getməməliyik” deyə bildirib.

Si Cinpin bəyan edib ki, Çin və Aİ bazar, kapital və texnologiya baxımından bir-birini dəstəkləməli, ənənəvi sənayeləri yeniləməli, inkişaf etməkdə olan sənaye sahələrinin inkişafını təşviq etməli, yeni əməkdaşlıq modelləri və yeni inkişaf sahələri yaratmaqla sənaye və təchizat zəncirlərini birgə inkişaf etdirməlidir.

Şarl Mişel və Von der Leyen görüş zamanı Aİ-nin Çinlə sabit, proqnozlaşdırıla bilən və davamlı əlaqələr inkişaf etdirmək istədiyini vurğulayıblar.

Aİ-nin ticarət, yaşıl inkişaf və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlığı inkişaf etdirməyə və təchizat zəncirlərini qorumağa ümid etdiyini bildirən Avropa liderləri, iqlim dəyişikliyi və süni intellekt kimi qlobal mövzularda əməkdaşlıq etmək istədiklərini bildiriblər.

Von der Leyen X sosial media platformasındakı hesabında paylaşdığı mesajda "Çin və Aİ balanslı ticarət əlaqələrində ortaq maraqda razılaşdıqlarını" bildirib.

Siyasət rubrikasından digər xəbərlər