"Rusiya, 2025-ci ilin sonunadək sülh sazişinin gerçəkləşməsinə mane olacaq"

17:58 26.12.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Ermənistanla sülh sazişinin imzalanması yalnız bizim istəyimizlə deyil... Və əslində sülhü biz, Azərbaycan yox, məğlub olan tərəf, yəni Ermənistan istəməlidir. Sülhü təslim olan, kapitulyasiya edən tərəf əlini qaldırıb diləməlidir. belə çıxır ki, biz hələlik bu məsələyə hazır deyilik”.

Bu fikiləri hafta.az-a açıqlamasında Klassik Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Mirmahmud Mirəliloğlu “Sizcə, növbəti 2024-cü ildə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaqmı?” sualını cavablandırarkən ifadə edib.

Siyasətçi sülhə hazır olmamağımızı aşağıdakılarla izah edib:

“Birincisi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulan Qazaxın 7 kəndi, Naxçıvanın 1 kəndi dəfələrlə gündəmə gəlsə belə, hələ bu günədək, yəni 3 ildən çoxdur ki, azad edilməyib. İkincisi, sərhədlərin müəyyən edilməsi, demarkasiya, delimitasiya məsələsinə gələndə, artıq 3 ildən sonra Ermənistan 32 kənd davasını ortaya qoyur. Deməli, proseslər, işlər düzgün getsə idi, bu belə olmazdı. Bir sözlə, bütün bu kənd, anklav, sərhəd məsələləri sənəddə ardıcıllıqla, tam təfərrüatınadək öz əksini tapanda biz sülh sazişinə hazır olacağıq. Üçüncüsü, Rusiya da sülh sazişinin imzalanmasını istəmir. Paris də heç istəmir”.

“Zəngəzur dəhlizi məsələsi də bir müddət əvvələdək çox böyük aktuallıq kəsb edirdi. Bu gün isə artıq unudulmuş bir məsələdir. Halbuki, belə olmalı deyil. Məsələlər epizodik qoyulmalı deyil, hər şey ardıcıl və nizamlı olmalıdır. Qələbəni əldə etdik, əldə saxlamaq daha mühümdür. Torpaqları işğaldan azad etdik, Azərbaycanın bütövlüyünü təmin etmək daha mühümdür... Bir sözlə, 2024-cü ildə sülh sazişinin imzalanacağını indidən söyləmək mümkün deyil. Mən hələ bunu real hesab etmirəm. Çünki proseslər onu da göstərir ki, hələ Rusiya, ən azı, 2025-ci ilin sonunadək Azərbaycanla Ermənistan arasında sülh sazişinin gerçəkləşməsinə bacardığı qədər mane olacaq”- deyə siyasətçi vurğulayıb.