Ruslar Stalinə niyə heyrandırlar? Rusiya Elmlər Akademiyasının üzvü, fəlsəfə doktoru Aleksandr Tsipko “Moskovskiy Komsomolets” qəzeti üçün yazdığı məqalədə bu suala cavab axtarıb.
Hafta.az-ın yazdığına görə, Tsipko “Qatilə heyranlıq” başlıqlı məqaləsində bildirir ki, Sovet İttifaqından fərqli olaraq Rusiya vətəndaşları Stalinə daha müsbət baxır və bu, ziddiyyət təşkil edir.
“Kommunist cəmiyyətində yaşayan sovet xalqı xristianların “Öldürmə” əmrinə daha yaxın idilər və Stalinə heyran olan, böyük dövlət xadimi hesab etdikləri indiki ruslarla müqayisədə stalinizm qurbanlarının əzablarını bölüşmək qabiliyyətinə malik idilər"yazıb Tsipko.
Elmlər Akademiyasının üzvü iddia edir ki, Stalinin müqəddəsləşdirilməsinin arxasında ölüm ideyasının müqəddəsləşdirilməsi, həmçinin özünü və həyatı qorumaq instinktinin itirilməsi dayanır.
Tsipko bu vəziyyətin 1990-cı illərdəki islahatların uğursuzluğundan qaynaqlandığını iddia edir: “Bunun əsas səbəbi 1990-cı illərdə aparılan islahatların uğursuzluğa düçar olması və islahatçılarımızın xalqın arzuladığı Qərb ölkələrindəki kimi firavan həyatı təmin edə bilməməsidir... 1990-cı illər rus xalqı üçün dəhşətli bir həqiqəti üzə çıxardı: rus xalqının arzuladığı Qərbdəki kimi firavan həyat. Amma məlum oldu ki, o həyatı yaratmaq iqtidarında deyillər. Bu vəziyyəti başa düşmək rus xalqını Qərbdən və onun dəyərlərindən, eləcə də insan həyatının dəyəri, humanizm kimi ideyalardan uzaqlaşdırdı... Özünəinam qısqanclıqla əvəz olundu, paxıllıqdan qibtə edilən şeyə qarşı aqressiya yarandı. “Rusiya Qərb deyil” deyiminin arxasında bu dayanır”.