Çinin şimal-şərqindəki Liaoninq əyalətinin Dalian şəhərindəki bir universitetdə ortaya çıxan yeni növ koronavirusa (Kovid-19) yoluxma ilə əlaqədar 11 mindən çox tələbəyə karantin tədbirləri tətbiq edilib.
Bazar günü şəhərin qərbindəki Cuanghi universitet qəsəbəsində 28 yeni hadisə ortaya çıxdıqdan sonra bölgədəki iki tələbə yataqxanasında yaşayan 3,291 tələbə karantin otellərinə yerləşdirilib.
Hafta.az xəbər verir ki, bölgədəki digər yataqxanalarda məskunlaşan 7884 tələbə olduğu yer də təcrid olunub. Tələbələr distant təhsilə keçərkən yeməklər otaqlarına göndərilir.
Rəsmilər qeyd edib ki, ərazidəki bütün tələbələr " yüksək riskli şəxslər" hesab olunacaqlar.
Digər tərəfdən, halların artması səbəbindən dünən şəhər daxilində kollektiv testin üçüncü raundu başlayıb.
Tələbələrin kütləvi karantini və vətəndaşlara tətbiq edilən kütləvi testlər, xüsusilə son vaxtlar, Covid-in yüksək yoluxucu Delta variantını daşıyan yerli mənşəli halların artması sıfır hal strategiyasını həyata keçirən Çində yaranan yeni vəziyyəti əks etdirir.