2016-cı ildə hücumlarımız xarici təzyiqlərə görə yarımçıq qalmışdı - Politoloq

14:48 27.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün 27 sentyabr Azərbaycanda işğalçı Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücumun,  Zəfərə gedən yolun başlandığı gündür. Ölkənin siyasi gündəmini dəyişdirən əsas tarixi məqamlar siyasilərin prizmasında fərqli çözülsə də, hədəfə gedən yol birmənalıdır. 

Bu barədə hafta.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, ermənilər elə bilirdilər ki, biz əbədiyyətə qədər mənasız danışıqlarda iştirak edəcəyik, genişmiqyaslı müharibəyə başlamayacağıq və ya onlar üçün ən pis halda 2016-cı ilin aprelində olduğu kimi bir neçə gün savaşdıqdan sonra xarici təzyiq qarşısında dayanacağıq.

Onun sözlərinə görə, Ermənistan və erməni separatçıları həm də havadarlarına arxayın idilər. Düşünürdülər ki, Rusiya, ABŞ və Fransa Azərbaycana irəriləməyə imkan verməz.

“Bu dəfə hamısı yanıldı, çünki hesaba qatmadıqları amil var idi – Türkiyə. Uzun illər Türkiyəni Cənubi Qafqazın kənarında saxlamağa müvəffəq olan böyük güclərin hesabları bu dəfə tutmadı. Qardaş ölkə Azərbaycana iki istiqamətdə dəstək verdi. Türkiyə həm Azərbaycan ordusunu müasir hərbi texnika ilə təmin etdi, həm də Azərbaycana müxtəlif istiqamətlərdən edilən təzyiqləri neytrallaşdrıdı. 2016-cı ildə məhz ikinci səbəbə görə hücumlarımız yarımçıq qalmışdı.

Beləliklə, Azərbaycan Türkiyənin dəstəyi ilə iki cəbhədə savaşırdı, bir tərəfdən Ermənistan ordusunu məhv etmək və əraziləri ard-arda azad etmək üçün sürətli hücum planları hazırlanırdı, o biri tərəfdən erməni separatizmini xilas etməyə çalışan xarici güclərin bizə qarşı təzyiqləriylə mübarizə apardı”.

Oxunma sayı 17
Siyasət rubrikasından digər xəbərlər