ABŞ və Rusiya prezidentlərinin danışıqları dekabrın 7-də baş tutacaq

21:54 04.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ və Rusiya prezidentləri dekabrin 7-də videoəlaqə vasitəsilə danışıqlar aparacaqlar.

Hafta.az xəbər verir ki, bu barədə Reuters agentliyi Ağ evin nümayəndəsinə istinadla məlumat yayıb. Məlumatda qeyd olunur ki, Co Baydenin Rusiya Prezidenti ilə Ukrayna ətrafında vəziyyəti və digər məsələlərin geniş spektrini müzakirə etməsi nəzərdə tutulur. Amerika lideri xüsusən RF-nin Ukrayna sərhədi yaxınlığında hərbi aktivliyindən narahatlığını bəyan etməyi planlaşdırır.

Rusiya KİV-ində yayılan xəbərlərə görə, danışıqların vaxtı barədə məlumat Kreml tərəfindən təsdiqlənib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, videozəng axşam saatlarında baş tutacaq və danışıqların nə qədər çəkəcəyini prezidentlər özləri müəyyənləşdirəcəklər.

RF Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, liderlər ikitərəfli münasibətlərdəki qeyri-məqbul vəziyyəti müzakirə edəcəklər və beynəlxalq gündəliyin aktual məsələlərinə toxuna bilərlər. Bu sıraya Əfqanıstan, İran, Liviyada vəziyyət və Ukraynadaxili böhran, habelə pandemiya, iqlim dəyişikliyi ilə mübarizə və neft bazarı problemləri daxil ola bilər.

Oxunma sayı 22