Bir neçə gün əvvəl marşrutlarda kondinsionerlərin söndürülməsi ilə bağlı sərnişinlərin şikayətçi olduğunu bildirmişdik.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirilib:
“Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən tələblərə uyğun olaraq Bakı şəhərində müntəzəm sərnişindaşımalarda istismar edilən avtobuslarda sərinləndirmə funksiyalı tam havalandırma sistemi olmalıdır. Lakin istismarda olan bütün avtobuslar bu funksiya ilə təchiz edilməyib. Yeni alınan və müntəzəm sərnişin daşımalarında istismara buraxılan avtobuslar sərinləndirmə funkisyalı havalandırma sistemi ilə təchiz edilən nəqliyyat vasitələridir. Tərəfimizdən yay mövsümü ilə əlaqədar avtobuslarda qeyd edilən sistemin saz vəziyyətdə saxlanılması və temperaturuna uyğun tənzimlənməsi barədə zəruri tapşırıqlar verilir. Yay mövsümü ilə əlaqədar hava temperaturunun yüksəlməsi nəzərə alınaraq sərinləndirmə sistemləri işə salınır mövsüm sonunda isə hava temperaturunun enməsi nəzərə alınaraq dayandırılması həyata keçirilir. Lakin bəzən avtobuslarda qeyd edilən avadanlıqda nasazlıq yaranır ki, daşıyıcılar avtobusu xətdən kənarlaşdıraraq təmir edilməsini həyata keçirirlər. Hazırda hava temperaturunun yükəsək olması nəzərə alınaraq sərinləndirmə sisteminin işlək saxlanılması davam etdirilir və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sərinləndirmə sistemlərinin işlədilməməsi ilə bağlı hər hansı bir göstəriş verilməyib”.