Latviya Respublikasının elan olunmasının 105-ci ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.
Hafta.az-ın yazdığına görə, dövlət və hökumət rəsmilərinin, millət vəkillərinin, diplomatik korpusun və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə öncə Azərbaycanın və Latviyanın Dövlət himnləri səsləndirilib.

Açılış nitqində ölkəsinin tarixinə, keçdiyi inkişaf yoluna nəzər salan Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya deyib ki, uzunmüddətli faciələrlə, işğalla üzləşməsinə baxmayaraq bu gün Latviya suveren hüquqlara malik dövlətdir və hər zaman öz müstəqilliyini qorumaqda qətiyyətlidir..
Diplomat Latviya- Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişafından danışıb. Ölkələrimiz arasındakı diplomatik əlaqələrin gələn il 30 illiyinin qeyd olunacağını diqqətə çatdıran səfir, münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

"Bizim Azərbaycanla dostluq münasibətlərimiz, strateji tərəfdaşlığımız, yüksək səviyyəli əlaqələrimiz var və bu əməkdaşlığı yüksək qiymətləndiririk. İqtisadi əlaqələrimiz də durmadan genişlənir. Azərbaycan Cənubi Qafqazda Latviyanın vacib ticarət tərəfdaşıdır. Son iki ildə ölkələrimiz arasında ticarət dövriyyəsi xeyli artıb, əməkdaşlığımız şaxələnib. Biz Azərbaycan gəncliyinin Latviyaya marağını görürük. Gələn il iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edəcəyik. Latviya NATO və Avropa İttifaqına üzvü kimi hər iki təşkilatın Azərbaycanla yaxşı münasibətlərini təşviq edir, dəstəkləyir", - səfir vurğulayıb.

"Mən ölkələrimiz arasında əla münasibətlərdən məmnunluğumu ifadə edirəm. İnanıram ki, birgə səylərimiz münasibətlərimizi genişləndirmək istiqamətində davam edəcək", - diplomat qeyd edib.
Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Samir Şərifov Azərbaycan hökuməti adından Latviya xalqını Respublikanın yaranmasının 105-ci ildönümü münasibətilə təbrik edib.
Azərbaycan - Latviya münasibətlərinin strateji əhəmiyyət daşıdığını qeyd edən nazir müavini, ölkələrimizin bir-birini hər zaman dəstəklədiklərini deyib.

Diplomat qeyd edib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan müzakirələr, imzalanan sənədlər əlaqələrimizin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. "İki ölkə daima bir-birinin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyib. Ölkələrimiz arasında əlaqələr qarşılıqlı etimada və hörmətə əsaslanır", - Samir Şərifov deyib.

Nazir müavini Azərbaycan Prezidentinin 2017-ci ildə Latviyaya səfərini xatırladıb. Deyib ki, məhz bu səfər çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb.
Tədbirdə səfirliyin 2023-cü ildəki fəaliyyətinə dair kadrlar tədbir iştirakçılarına nümayiş olunub.