Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq  - Sahibə Qafarova

12:27 19.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Dekabrın 15-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında ölkəmizin ictimai-siyasi həyatı üçün son dərəcə böyük əhəmiyyətə malik olan bir qərar qəbul edilmişdir. Yeni Azərbaycan Partiyasının Sədri İlham Heydər oğlu Əliyev gələn il fevralın 7-nə təyin edilmiş Prezident seçkilərində partiyadan namizəd göstərilmişdir. Bu qərar bütün Azərbaycan xalqının arzu və istəyini ifadə etmişdir. Dünya miqyaslı siyasi və dövlət xadimi olan möhtərəm cənab İlham Əliyev ölkəmizə heyrətamiz uğurlar gətirən fəaliyyəti ilə xalqımızın dərin hörmət və məhəbbətini qazanmışdır”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.

Spiker xanım qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət konsepsiyası yeni tarixi şəraitdə yaradıcı surətdə davam etdirilmiş və daha da zənginləşdirib. Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxıb, geniş bir bölgədə söz sahibinə çevrilib.

“Möhtərəm cənab İlham Əliyev Azərbaycanın müzəffər sərkərdəsi kimi adını tarixə həkk etmişdir. Onun siyasi-diplomatik və hərbi-strateji  məharəti sayəsində 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoyulması ilə nəticələnmişdir. Dövlətimizin ərazi bütövlüyünün, suverenliyinin və tarixi ədalətin bərpa olunması xalqımızın milli qürurunu özünə qaytarmışdır”.

S.Qafarova eyni zamanda bildirib ki, Azərbaycanın müasir tarixinin son iyirmi ili cəmiyyət və dövlət həyatının bütün sahələrində davamlı yeniləşmə, sürətli sosial-iqtisadi inkişaf, möhkəm ictimai-siyasi sabitlik və tərəqqi, milli qürur, həmrəylik və birlik, gələcəyə sonsuz inam anlayışları ilə bağlıdır. 

“Əminliklə söyləmək olar ki, möhtərəm cənab İlham Əliyevə xas olan siyasi bəsirət və səriştə, dövlətçilik təfəkkürü və idarəçilik məharəti dövlətimizin müstəqil inkişaf yolu ilə bundan sonra da inamla irəliləməsini təmin edəcək. Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq və yeni zirvələri fəth edəcəkdir”.